
Ağ Evin yaxınlığında Milli Qvardiya əsgərlərinə atəş açmaqda şübhəli bilinən 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Laqanval öz ölkəsində ABŞ hökuməti, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff bildirib.
“ABŞ-nin 46-cı prezidenti Co Bayden tərəfindən qoşunların Əfqanıstandan fəlakətli şəkildə çıxarılmasının ardınca, atıcının 2021-ci ilin sentyabrında ABŞ-yə daxil olması ABŞ hökuməti, o cümlədən MKİ ilə əvvəlki işi sayəsində mümkün olub”, - məlumatda deyilib.
“Reuters” qeyd edir ki, Laqanval ABŞ-də ölkədəki müharibə zamanı Amerika tərəfinə kömək edən və Taliban tərəfindən təqiblərdən qorxan minlərlə əfqanın yerləşdirilməsinə yönəlmiş xüsusi proqram çərçivəsində gəlib. Ümumilikdə, bu proqram çərçivəsində ABŞ-yə 70,000-dən çox insan gəlib.
Xatırladaq ki, Ağ Evin yaxınlığında atışma noyabrın 26-da baş verib. Şübhəli Rəhmanullah Lakanval iki Milli Qvardiyanın əsgərini, özü də cavab atəşi ilə yaralanıb. Atıcı və əsgərlər xəstəxanaya yerləşdirilib. Vaşinqtonda baş verən atışmadan sonra ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Əfqanıstan vətəndaşları üçün bütün müraciətlərə baxılmasını qeyri-müəyyən müddətə dayandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz