Trampa qarşı bütün cinayət işlərinə xitam verildi


Corciya məhkəməsi ABŞ Prezidenti Donald Tramp və komandasına qarşı ştatda 2020-ci il seçkilərinin nəticələrinə etiraz etmək cəhdləri ilə bağlı cinayət işinə xitam verib.
Yeniavaz.com
xəbər verir ki, Fulton dairə məhkəməsi saxtakarlıq, dövlət məmurunu öz andını pozmağa sövq etməyə cəhd və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün nəzərdə tutulmuş “RICO Act” Qanununu pozmaq da daxil olmaqla, Trampa qarşı əvvəllər irəli sürülən ittihamları rədd etmək üçün prokurorun vəsatətini təmin edib.
Beləliklə, ABŞ-də amerikalı liderə qarşı davam edən bütün cinayət işlərinə xitam verilib.
Qeyd edək ki, demokrat Co Baydenin prezidentliyi dövründə Trampa qarşı ümumilikdə dörd cinayət işi qaldırılıb.
Corciya məhkəməsindən əlavə, Tramp Florida məhkəməsində məxfi sənədləri düzgün saxlamamaqda, Vaşinqton məhkəməsində isə 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, qanunsuz hərəkətlərlə hakimiyyəti saxlamağa cəhd etməkdə ittiham olunub. Bundan əlavə Amerika liderinə qarşı maliyyə fırıldaqçılığına görə Nyu-York məhkəməsində də cinayət ittihamı irəli sürülüb.
İlk üç iş hökm çıxarılmazdan əvvəl ləğv edilib. Yekun işdə Tramp bu ilin yanvarında təqsirli bilinib və məhkəmə onu qeyd-şərtsiz azadlığa buraxıb.
Tramp cinayət məsuliyyəti ilə vəzifəyə gələn ilk ABŞ prezidenti oldu.
Xatırladaq ki, oktyabr ayında “The New York Times” qəzeti yazıb ki, ABŞ Prezidenti nazirliyin ona qarşı keçmişdə apardığı federal araşdırmalara görə ABŞ Ədliyyə Departamentindən təqribən 230 milyon dollar təzminat tələb etmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top