
Bu ilin yanvar-oktyabr aylarında Rusiyada 463 min 280 nəfər məhkəmələr vasitəsilə, 54 min 450 nəfər isə çoxfunksiyalı mərkəzlər (MFC) üzərindən müflislikdən müdafiə alıb.
Yeniavaz.com “İntefax”a istinadən xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33,5% və 25,2% artıb.
Qeyd olunur ki, 2015-ci ildən tətbiq olunan məhkəmə proseduru üzrə işlərin böyük əksəriyyətini – təxminən 97%-ni vətəndaşların şəxsi müraciətləri təşkil edib. Hesabat dövründə işlərin 94%-ində borcluların borclarını ödəmək üçün istifadə oluna biləcək aktivlər olmayıb. Bu isə kreditorların nəticədə heç nə əldə etməməsi ilə nəticələnir.
Məhkəmələr fiziki şəxslərin borclarının restrukturizasiyası planlarını əvvəlkindən daha çox təsdiqləməyə başlayıb. 2025-ci ilin ilk 10 ayında 2342 plan qəbul edilib ki, bu da ötən ilin analoji dövründən 2,3 dəfə çoxdur.
2020-ci ilin payızından tətbiq edilən məhkəmədənkənar iflas mexanizmi son illərdə daha populyarlaşır. 2023-cü ilin sonunda meyarların yumşaldılması, o cümlədən sosial müavinət alanların və bəzi hallarda pensiyaçıların prosesə daxil edilməsi müraciətlərin sayında artıma səbəb olub.
2025-ci ilin yanvar-oktyabr aylarında MFC üzərindən ən çox müflislik Krasnodar diyarında (2577) qeydə alınıb. Əhalinin sayına görə isə lider Altay Respublikasıdır – hər 100 000 nəfərə 153 prosedur.
Məhkəmə qərarı ilə müflislik üzrə ən yüksək göstəricilər Moskva vilayətində (25 428) qeydə alınıb. Əhalinin sayına nisbətdə isə ilk yerdə Belqorod vilayətidir – hər 100 000 nəfərə 544 prosedur.
Statistikaya əsasən, qadınlar həm məhkəmə, həm də məhkəmədənkənar iflas proseslərində daha fəal iştirak edirlər. 2025-ci ilin ilk 10 ayında məhkəmə müflisliklərinin 56%-i, MFC xətti ilə müflisliklərin isə 66%-i qadınların payına düşüb.
Məlumatlara görə, 2025-ci ilin ilk 10 ayında məhkəmə iflaslarının 76%-i, məhkəmədənkənar prosedurların isə 51%-i 25–54 yaşlı vətəndaşlara məxsusdur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz