Fransa könüllü hərbi xidmət tətbiq edir


Fransa peşəkar müqavilə xidməti ilə yanaşı, gənclər üçün könüllü hərbi xidmət tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron İzer departamentindəki hərbi bazada əsgərlər qarşısında çıxış edərkən bildirib.
“Biz hərbi xidmətə çağırışa qayıda bilmərik, amma millətin öz müdafiəsi üçün səfərbər olmasına ehtiyacımız var. Bu və ya digər düşmənə qarşı olmaq üçün deyil, hər bir vəziyyətə hazır olmaq üçün. Yeni milli xidmət proqramı gələn ilin yayından başlayacaq”, - o qeyd edib.
Fransa Prezidenti proqramın başlanmasını “gələcək çağırışlara və təhdidlərə” cavab adlandırıb.
Dövlət başçısı proqramın 18-19 yaşlı gənclər üçün açıq olacağına, həm gənc oğlanların, həm də qızların iştirak etmək hüququna malik olacağına aydınlıq gətirib.
Xidmət 10 ay davam edəcək, onun bir ayı silah hazırlığı və məşqə həsr olunacaq, qalan doqquz ayı isə birbaşa hərbi hissələrdə keçəcək.
Burada könüllülər respublikanın hər yerində - həm Avropada, həm də Fransanın xarici ərazilərində gündəlik missiyalarda iştirak edəcəklər.
Prezident bunun yalnız ölkə daxilindəki əməliyyatlara aid olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top