“Neft qiymətlərinin yüksək qalması ABŞ üçün sərfəlidir”


Dünyada təxminən 1,65 trilyon barel təsdiqlənmiş neft ehtiyatı və gündəlik 105 milyon barel neft hasilatı mövcuddur.
Yeniavaz.com
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinadən xəbər verir ki, Venesuela 303 milyard barel ehtiyatla dünyada ən çox neft ehtiyatına sahib ölkədir.
Venesuelanın neft ehtiyatları dünya neft ehtiyatlarının 18%-ni təşkil edir. İranın neft ehtiyatı isə 209 milyard barel təşkil edir və dünya ehtiyatlarının 12,6%-nə bərabərdir. Rusiyanın ümumi ehtiyatları 80 milyard barel səviyyəsindədir və bu, dünya neft ehtiyatlarının 5%-nə yaxıdır. ABŞ-nin neft ehtiyatlar isə təxminən 46 milyard barelə bərabərdir. Dünya neft ehtiyatlarının təxminən 2,8%-i ABŞ-nin payına düşür.
Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 36%-nə sahib olan 3 ölkənin – Venesuela, İran və Rusiyanın gündəlik neft hasilatı dünya neft ehtiyatlarının 2,8%-nə sahib olan ABŞ-dən aşağı səviyyədədir. ABŞ-nin gündəlik neft hasilatı təxminən 20 milyon barel təşkil edir ki, bu da, qlobal neft hasilatının 19%-ə bərabərdir. ABŞ eyni zamanda dümyada ən çox neft hasil edən ölkə hesab olunur. Dünya neft ehtiyatlarının 36%-nə sahib olan Venesuela, İran və Rusiyanın gündəlik neft hasilatı isə təxminən 16 milyon barel təşkil edir. Bunun 10 milyonu Rusiyanın, 5 milyonu İranın, təxminən 1 milyon bareli isə Venesuelanın payına düşür.
Göründüyü kimi, 592 milyard barel nefti olan 3 ölkə - Venesuela, İran və Rusiya gündəlik 16 milyon, 46 milyard barel ehtiyatı olan ABŞ isə gündəlik 20 milyon barel neft hasil edir.
Açıqlanan göstəricilər adı çəkilən 4 ölkənin neft ehtiyatları və hasilatı arasında kəskin fərqin, uyğunsuzluğun olduğunu ortaya qoyur.
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, bu fərqin  əsas səbəbi ABŞ və digər Qərb dövlətlərinin bu ölkələrə tətbiq etdiyi sanksiyalardır:
“Rəqəmlərdən də göründyü kimi, bu 3 ölkənin neft ehtiyatları dünya bazarına böyük təsir göstərə biləcək potensiala malikdir, amma mövcud sanksiyalar bu ehtiyatların böyük hissəsinin istifadəyə verilməsini əngəlləyir. Bu da neft qiymətlərinin yüksək qalmasına və bazarın daha qeyri-sabit olmasına səbəb olur.
Məlum məslədir ki, Venesuela və İran kimi böyük ehtiyatlara malik ölkələrdən gələn əlavə təklif bazarda mövcud təchizatın artmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilərdi. Ancaq hazırda sanksiyalar bu ölkələrin ixrac imkanlarını əngəlləyir, bu da qiymətləri süni şəkildə yüksək saxlayır”.
Ekspert qeyd edir ki, ABŞ-nin bu sanksiyaların tətbiqindəki rolu, daha çox iqtisadi və geosiyasi maraqlarla bağlıdır:
“Neft qiymətlərinin yüksək qalması, ABŞ üçün sərfəlidir, çünki bu, alternativ enerji mənbələrinin, məsələn, şist neftinin daha sərfəli olmasına imkan verir. ABŞ eyni zamanda, dünya bazarında İran və Venesuela kimi rəqiblərin potensialını məhdudlaşdıraraq öz geosiyasi təsirini qorumağa çalışır. Bu sanksiyalar, həm də ABŞ-nin enerji müstəqilliyini təmin etməsinə kömək edir və neftin qiymətinin aşağı düşməsinin qarşısını alır. Əgər Venesuela və İranın neft ehtiyatları sanksiyalardan azad olsaydı, bu, dünya bazarına əhəmiyyətli miqdarda əlavə təklif daxil edərdi. Bu artan təklif də bazardakı qiymətləri aşağı sala bilərdi”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top