
Məlum olduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 1 fevral 2010-cu il tarixindən etibarən Azərbaycanda Uşaq Qaynar Xətti fəaliyyətə başlayıb.
Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən xəbər verir ki, 24 saat fəaliyyət göstərən 116 111 qaynar xətti vasitəsilə zorakılığa, bullinqə məruz qalan uşaqların müraciətləri qəbul olunur.
Bəs bu müddət ərzində Uşaq Qaynar Xəttinə nə qədər uşaq müraciət edib və müraciətlərin əsas mövzuları hansılardır?
Azərbaycan Uşaq Qaynar Xəttinin koordinatoru Vəfa Nəsirli Yeniavaz.com-a açıqlamasında bildirib ki, son illərdə müraciətlərin sayı artıb:
“Ən çox qeyd edilən mövzular zorakılıq formaları, erkən nikah və onlayn təhdidlərdir. Bu gün də daxil olmaqla 81 min 3 müraciət qeydə alınıb. Müraciətlərin böyük əksəriyyəti müxtəlif zorakılıq formaları ilə bağlıdır. Buraya psixoloji, fiziki, kiberməkanda zorakılıq, eləcə də etinasızlıq halları daxildir. Bundan əlavə, erkən nikah, erkən hamiləlik – bizim ən həssas yanaşdığımız məsələlərdəndir. Boşanma prosesləri, valideynlərlə ünsiyyət problemləri, onlayn platformalarda şantaj, zərərli vərdişlər, təhlükəli düşüncələr, psixoloji gərginlik kimi mövzular üzrə də müraciətlər daxil olur”.
Vəfa Nəsirli qeyd edir ki, valideynlərin müraciətləri də kifayət qədər çoxdur:
“Onlar xüsusilə qəyyumluq və boşanma zamanı yaranan hüquqi məsələlərlə bağlı suallar verirlər. Uşaq Qaynar Xətti olaraq biz həm sosial, həm də hüquqi dəstək göstəririk. Telefonla daxil olan müraciətlərdə ilk olaraq empatik dinləmə aparılır, ilkin psixoloji dəstək verilir. Əgər uşağın uzunmüddətli reabilitasiyaya ehtiyacı varsa, yaşayış yerinə yaxın ödənişsiz psixoloji yardım göstərən TƏBİB-in tərkibindəki xəstəxanalara və ya Nərimanov rayonunda yerləşən Psixi Sağlamlıq Mərkəzinə yönləndirilir. Təbii ki, uşaqlar bu proseslərə tək qatıla bilməzlər. Əgər uşaq icazə verirsə, valideynə məlumat verilir. Anonimlik prinsipinə əsasən, uşağın özünə və ya başqasına təhlükə yaratmadığı hallarda anonimlik tam qorunur. Bundan başqa, müraciət edən valideynlərə ilkin hüquqi dəstək göstərilir. Daha geniş hüquqi yardıma ehtiyac olduqda isə Vəkillər Kollegiyasına yönləndirmə edilir”.
Vəfa Nəsirli bildirir ki, Uşaq Qaynar Xətti əməkdaşlıq etdiyi qurumlarla birlikdə fəaliyyət göstərir:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Regional Təhsil İdarələri ilə birgə işi davam etdiririk. İnsan alveri, diləndirilmə və kiberzorakılıq halları ilə bağlı müraciətlər isə Daxili İşlər Nazirliyinə yönləndirilir”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz