
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 2 milyon 171,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% azalma deməkdir.
Gələnlərin strukturunda ilk yerləri Rusiya (24,4%), Türkiyə (17,4%), İran (8%), Hindistan (6,6%), Səudiyyə Ərəbistanı (4,3%), Gürcüstan (4,2%) və Qazaxıstan (4%) tutub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bir sıra ölkələrdən gələnlərin sayında artım qeydə alınıb. Belə ki, İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan 1,8 dəfə, Yaponiyadan 1,6 dəfə, İordaniyadan 1,5 dəfə artıb. Həmçinin Çin (49,4%), Qırğızıstan (37,3%), Özbəkistan (35,8%), Qazaxıstan (19,4%), Almaniya (17%), Kanada (16,7%), ABŞ (16,4%), İtaliya (16,3%), Pakistan (12,7%) və Cənubi Koreya (11,8%) istiqamətlərində də artım müşahidə olunub.
Regionlar üzrə göstəricilərə görə, 2024-cü ilin yanvar–oktyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 7,9% artaraq 101,5 min nəfərə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 3,5% azalaraq 352,6 min, MDB ölkələrindən gələnlərin sayı isə 8,2% azalaraq 740,8 min nəfər təşkil edib. Digər ölkələrdən gələnlərin sayı isə 3,5% artaraq 976,7 min nəfər olub.
Turistlərin 76,3%-i hava nəqliyyatından, 22,4%-i dəmir yolu və avtomobildən, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Ötən ilin yanvar–oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 2,3% azalaraq 1 milyon 774,9 min nəfər olub.
Gürcüstana gedənlərin sayı 22,1%, İrana gedənlərin sayı 4,3% artıb. Eyni zamanda Rusiya səfərlər 31,2%, Türkiyəyə səfərlər isə 1,8% azalıb. Azərbaycan vətəndaşlarının 42%-i Türkiyəyə, 14,6%-i Rusiyaya, 10,8%-i Gürcüstana, 9,2%-i İrana, 23,4%-i isə digər ölkələrə səyahət edib. 2025-ci ilin yanvar–oktyabr aylarında ölkə vətəndaşlarının 70,3%-i hava, 27,8%-i dəmir yolu və avtomobil, 1,9%-i isə dəniz nəqliyyatı ilə səfər edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz