
Məhkəmə Rusiyanın Krasnodar diyarında azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus əmlaka həbs qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Məlumata görə, Krasnodar diyarının Arbitraj Məhkəməsi Şahlar Novruzovun Rusiyada olan əmlakının müsadirə edilməsi ilə bağlı Baş Prokurorluğun iddiasını təmin edib.
Məhkəmənin qərarına əsasən, Rusiya “Tuapse Dəniz Ticarət Limanı” (TMCP) MMC və “TMCP Enterprise” MMC-nin nizamnamə kapitalındakı səhmlərin 100%-ni əldə edib.
Dövlət həmçinin “Dar Frut” MMC-yə məxsus “Temryuk” Dəniz Daşınması Terminalını və obyektlərini alıb.
Aktivlərin əvvəlki sahibi Şahlar Novruzovdan başqa, iş üzrə təqsirləndirilən şəxslər arasında hazırkı sahiblər Oleq Basin və Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkəti də var.
Nəzarət orqanının məlumatına görə, 1994-cü ildən başlayaraq bir sıra qeyri-qanuni əməliyyatlar baş verib və nəticədə, Tuapse limanındakı estakada və bir neçə binaya nəzarət cavabdehlərə verilib.
Prokurorluq iddia edir ki, dövlət mülkiyyətindən çıxarılan aktivlər Rusiyanın strateji təhlükəsizliyini təmin etmək üçün vacibdir.
“Mübahisəli aktivlərlə bağlı bütün əməliyyatlar ləğv edilib. “Tuapse Dəniz Ticarət Limanı” (TMPC) və “TMPC Enterprise” MMC idxal edilən konteyner yüklərini idarə edir. Bura ilk növbədə Türkiyədən gətirilən meyvə-tərəvəz məhsulları daxildir”, - məlumatda deyilir.
Qeyd edək ki, Şahlar Novruzov hazırda külli miqdarda dələduzluq ittihamı ilə həbsdədir.
Tətbiqimizi yükləyə bilərsiniz