
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya rəsmiləri ilə Ukrayna müharibəsi üzrə sülh planı hazırlamasında fəal iştirakı yeni mübahisələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg”in əldə etdiyi audio yazıya görə, Uitkoff Kreml rəsmilərinə sülh təklifini Prezident Donald Trampa necə təqdim etmək barədə məsləhətlər verib.
Uitkoff oktyabr ayında Rusiya Prezidenti Vladimir Putinin iqtisadi müşaviri Kirill Dmitriyev ilə Floridada görüşərək, Rusiyanın maraqlarını üstün tutan sülh planının hazırlanmasına başlayıb. Söhbətlərdən birində Uitkoff Putinin baş məsləhətçisi Yuri Uşakova Tramp üçün hazırladıqları 20 maddəlik sülh planına bənzər bir sənədi Rusiya ilə də hazırlamağı təklif edib.
Məlumata görə, tərəflər ABŞ və Rusiya tərəfindən birgə hazırlanan 28 maddəlik sülh planını Ukraynaya qəbul etdirməyə çalışıblar. Sözügedən plan isə Ukraynanın mövqeyindən kənara çıxır, təhlükəsizlik imkanlarının məhdudlaşdırılmasını və Rusiya təsirinin artmasını nəzərdə tutur.
Ağ Evin kommunikasiya direktoru Stiven Çen məlumatı təsdiqləyərək bildirib ki, Uitkoff hər gün həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə danışaraq sülhə nail olmağa çalışır: “Bu, Trampın ona verdiyi mandatın bir hissəsidir”.
Kirill Dmitriyev isə “Bloomberg”in məlumatını “saxta” adlandırıb və iddia edib ki, “müharibədən qazanan qüvvələr sülh təşəbbüslərini gözdən salmağa çalışırlar”.
Bu danışıqların gizli aparılması Ukrayna rəsmiləri və ABŞ müttəfiqləri arasında narahatlıq yaradıb. Ukraynalı rəsmilər planı rəsmi şəkildə dəstəkləməyiblər və sənədin şərtlərinin ölkənin suverenliyi və təhlükəsizliyi üçün riskli olduğunu bildiriblər. Ukrayna paralel olaraq Avropa tərəfdaşları ilə öz mövqeyinə uyğun alternativlər üzərində işləməyə davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz