“Yeməyi videoya çəkib paylaşmaq natamamlıq kompleksindən irəli gəlir”


Sosial şəbəkələrdən istifadənin genişlənməsinə paralel olaraq insanların gündəlik davranışlarında da dəyişikliklər müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, yemək vaxtı telefon istifadəsi də bu dəyişikliklərə daxildir. Artıq bir çoxları masa arxasına oturarkən mütləq videoya baxır və ya yeməyi ekrana baxa-baxa yeyir.
Bununla yanaşı, başqa bir trend də sürətlə yayılır: yemək yeyərkən özünü çəkib paylaşmaq. “TikTok” və “Instagram” kimi şəbəkələrdə belə videolar çox baxış toplayır və istifadəçilər restoranlarda, kafelərdə, hətta evdə belə telefonu qarşılarına qoyub yemək prosesini lentə alırlar. Bəziləri bunu əyləncə üçün edir, bəziləri isə izləyici qazanmaq məqsədilə.

Bəs bu vərdişlərin psixoloji təsirləri nələrdir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Vüsalə Əmiraslanova bildirir ki, yemək yeyərkən video izləmək psixoloji problemlərə səbəb ola bilər:
“Təəssüf ki, son zamanların ən böyük problemlərindən biri də yemək zamanı videoya və ya telefona baxmaq vərdişidir. Hətta balaca övladlarımıza yemək yedizdirərkən “multfilm” açmağımız, böyüklərdə isə oyun oynaya-oynaya və ya videoya baxa-baxa yemək yemə vərdişinin formalaşması ciddi psixoloji problemlər yaradır. Çünki insanlarda doyma hissi itir – ya həddindən artıq kökəlmə olur, ya da əksinə, ümumiyyətlə, yemək istəyi azalır. İnsanlar yeməkdən yox, baxdıqlarından zövq alırlar. Yeməkdən zövq almaq üçün yüngül musiqi dinləmək olar. Amma film izləməyi və ya nəyəsə baxmağı tövsiyə etmirik”.

Vüsalə Əmiraslanova

“Psixoloqlar bunu natamamlıq kompleksi kimi izah edir”
Vüsalə Əmiraslanova bildirir ki, yemək yeyərkən özünü çəkib paylaşmaq artıq trendə çevrilib:
“İnsanlar bir-birlərinə baxıb bunu təkrarlamağı xoşlayırlar. Bunun əsas səbəblərindən biri “qonşudan geri qalmamaq” düşüncəsidir. Hətta bəzən özlərini bəyənmədikləri halda belə çəkib paylaşırlar, amma yenə də bunu nümayiş etdirməkdən çəkinmirlər. Yemək bir mədəniyyətdir və onu bu şəkildə göstərmək bir çox insana xoş gəlməyə bilər, hətta qıcıq belə yarada bilər. İnsan özünü bəyənməsə belə, diqqət çəkmək üçün bu addımı atırsa, biz psixoloqlar bunu natamamlıq kompleksi kimi izah edirik”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top