Vahid Ələkbərovun ortağı “Lukoyl”dakı payını satıb – “Reuters”


“Lukoyl”un həmtəsisçisi, “Forbes”in “Rusiyanın 146 milyarderi – 2025” siyahısında 13-cü yerdə qərarlaşan Leonid Fedun neft şirkətindəki payını satıb.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, milyarder 10%-lik payını 2025-ci ilin əvvəlində satıb. Bu paket bazar dəyərlərinə əsasən təxminən 7 milyard dollarla qiymətləndirilir.
Agentlik qeyd edir ki, Fedun ilə əlaqə saxlamaq mümkün olmayıb, “Lukoyl” isə satış barədə şərh verməkdən imtina edib. Mənbələrdən birinə görə, Monakoda yaşayan iş adamı Rusiyadakı aktivlərini azaltmaq qərarına gəlib.
Leonid Fedun 2022-ci ilin iyununda “Lukoyl”un vitse-prezidenti vəzifəsindən istefa verib, həmin ilin avqustunda isə Moskvanın “Spartak” futbol klubundakı payını satıb. Onun gedişi o zaman “pensiya yaşı və ailə vəziyyəti” ilə izah edilib.
“Reuters” xatırladır ki, Fedun 1990-cı illərin özəlləşdirmə prosesində, xüsusilə Qərbi Sibir neft yataqlarının özəlləşdirilməsində Vahid Ələkbərovla birlikdə iştirak edərək Rusiyanın ən varlı şəxslərindən birinə çevrilib.
2025-ci il oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Rosneft”, “Lukoyl” və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Cəmi beş gün sonra – oktyabrın 27-də “Lukoyl” beynəlxalq aktivlərini satmaq planını bəyan edib.
“Reuters”in mənbələri Fedunun təxminən 10%-lik payını satdığını təsdiqləsə də, onun bu satışdan həqiqətən 7 milyard dollar əldə edib-etmədiyi barədə dəqiq informasiya yoxdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top