
BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası birgə məktubla çıxış edərək, dünya təşkilatının yeni Baş katibinin seçilməsi prosesinə start verib.
Yeniavaz.com xəbər verir ki, sənədi noyabrda Təhlükəsizlik Şurasına sədrlik edən Syerra Leonenin BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.
Sənəddə qeyd edilib ki, məktub namizədlərin təqdim edilməsinə başlamaq, seçim prosesinə start vermək və növbəti baş katibi təyin etmək məqsədinə xidmət edir.
Birgə məktubda təəssüflə qeyd olunur ki, qlobal təşkilatın bütün tarixində heç bir qadın onun rəhbəri təyin olunmayıb və buna görə də, üzv ölkələr qadınların namizəd kimi irəli sürülməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməyə təşviq olunurlar.
“Biz Baş katibin seçilməsində regional müxtəlifliyin vacibliyini qeyd edirik”, - sənəddə qeyd edilib.
Qeyd edək ki, BMT Baş katibi vəzifəsinə namizəd təşkilata üzv dövlətlər tərəfindən irəli sürülür və heç bir ölkənin birdən çox namizəd irəli sürmək hüququ yoxdur. Namizədin irəli sürülməsi üçün ölkələr Təhlükəsizlik Şurası və Baş Assambleyanın prezidentlərinə məktub göndərməlidirlər. Namizədlər də öz növbəsində təşkilatın inkişafı ilə bağlı öz baxışlarını, eləcə də gəlir mənbələrini təqdim etməlidirlər. Əgər namizəd BMT strukturunda işləyirsə, məktubda deyilir ki, onlar maraqların toqquşmasından qaçmaq üçün seçki kampaniyası müddətində BMT-dəki işlərini dayandırmalıdırlar.
Xatırladaq ki, Baş katib seçkisi gələn il iyulun sonuna təyin edilib. Hazırda qlobal təşkilatın rəhbəri vəzifəsinə iki nəfər namizədlikdə maraqlı olduqlarını bildiriblər: Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan.
BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
Baş katib BMT Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən təsdiqlənir. Onun səlahiyyət müddəti yenidən seçilmək hüququ ilə beş ildir. Seçilmə müddəti üçün məhdudiyyət yoxdur, amma 10 ildən artıq heç kim bu vəzifəni tutmayıb.
Müəyyən edilmiş təcrübəyə uyğun olaraq, BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa arasından seçilmir.
Tətbiqimizi yükləyə bilərsiniz