
Xabi Alonsonun “Real Madrid”dəki mövqeyi oyunçularla arasındakı gərginliyin artması fonunda getdikcə daha təhlükəli xarakter almağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Indykaila New” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Alonso klub ona müraciət edərsə, “Liverpul”un baş məşqçisi vəzifəsini yerinə yetirməyə hazır olduğunu bildirib.
Belə ki, bundan əvvəl “Liverpul”un baş direktoru Maykl Edvards Alonsonu Yurgen Kloppun yerinə əsas namizədlərdən biri hesab etdiyini bildirmiş, ancaq Alonso “Real Madrid”i seçərək, Enfildə qayıtmaqdan imtina etmişdi.
İndi Arne Slotun komandanın zəif nəticələrini dəyişmək üçün yanvar ayına qədər vaxtı var. Vəziyyət belə davam edərsə, Alonsonun bu dəfə baş məşqçi kimi Premyer Liqada çıxış etməsi istisna deyil.
Həmçinin, portal məlumat verib ki, Alonsonun gedəcəyi təqdirdə “Real Madrid” rəhbərliyi Zinəddin Zidanı yenidən komandaya qaytara bilər.
Qeyd edək ki, dünən dünyanın ən mötəbər mənbələrindən biri olan “The Athletic” Vinisius Juniorun Alonso ilə konfliktə görə “Real Madrid”lə müqaviləsini uzatmaqdan imtina etdiyini yazıb.
Digər tərəfdən, İspaniya mətbuatı da məşqçi ilə “Real Madrid” oyunçuları arasındakı münasibətin arzuolunmaz olduğunu qeyd edib.
Belə ki, oyunçular praktiki olaraq Xabinin bəzi taktiki qərarlarını rədd edirlər.
Digər bir məsələ isə ”Real Madrid”in son üç matçda heç bir qələbə qazanmamasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz