
ABŞ Venesuelanın “Los Soles” kartelini rəsmi olaraq xarici terror təşkilatı kimi tanıyıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, qərar noyabrın 24-dən qüvvəyə minir.
Bu qərar Karib dənizi və Sakit okean regionlarında narkotik qaçaqmalçılığında şübhəli bilinən təşkilatları hədəf alan əməliyyatların intensivləşdirilməsi fonunda verilib.
Qərar bazar günü axşam 24 noyabr tarixli Federal Reyestr bildirişində dərc edilib.
ABŞ hökuməti adı “Günəşlərin Karteli” kimi tərcümə olunan qruplaşmaya Venesuela Prezidenti Nikolas Maduronu rəhbərlik etməkdə ittiham edib.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib və sentyabr ayından bəri Venesueladan narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla beynəlxalq sularda ən azı 20 sürətli qayığı və 76 nəfəri zərərsizləşdirib.
Noyabrın 16-da Pentaqon “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika gəmilərinin zərbə qrupunun Karib dənizinə daxil olduğunu açıqlayıb.
“The New York Times” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə verib. Həmçinin, Amerika mediası ABŞ-nin tezliklə Venesueladakı narkotik kartelinin hədəflərinə zərbələr endirməyə başlaya biləcəyini istisna etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz