
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu Kadırbek və bir neçə siyasətçi ölkədə kütləvi iğtişaşların təşkilində şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kadırbek Atambayev, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Damir Musakeyev, Sosial Demokrat Partiyasının lideri Temirlan Sultanbekov, Qırğızıstan parlamentinin keçmiş deputatları Şailobek Atazov və Kubanıçbek Kadırov saxlanılıblar.
Nazirliyin məlumatına görə, saxlanılan beş nəfər parlament seçkilərinin nəticələri elan edildikdən sonra kütləvi narazılıq görüntüsü yaratmaq məqsədilə bir sıra mitinqlər keçirməyi planlaşdırıblar.
Şübhəlilərin iddia edilən hərəkətlərinə konstitusiyaya zidd tələblər irəli sürmək, habelə inzibati binaları, televiziya kanallarını, təhlükəsizlik qüvvələrinin obyektlərini, silah-sursatları və cəzaçəkmə müəssisələrini ələ keçirmək cəhdləri daxildir.
Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, saxlanılan şəxslər həmçinin siyasi tələblər irəli sürməyi planlaşdırıblar.
“Axtarışlar zamanı silah, döyüş sursatı, qumbaraatan, rabitə vasitələri, maliyyə sənədləri, tədbirlər planı, narkotik vasitələr və ümumilikdə 150 min ABŞ dolları məbləğində nağd pul götürülüb”, - Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Saxlanılanlara qarşı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə ittiham irəli sürülüb.
Onlar müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz