
Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan Türkiyəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artaraq 6,39 milyon nəfərə çatıb.
Yeniavaz.com Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, bu göstərici Rusiyanı xarici turist bazarları arasında lider mövqedə saxlayır.
Hesabat dövründə Türkiyə ümumilikdə 47,2 milyon xarici turist qəbul edib ki, bu da keçən ilin analoji göstəricisinə yaxın rəqəmdir. Təkcə oktyabr ayında ölkəyə gələn turistlərin sayı 5,68 milyon nəfər təşkil edib və bu, əvvəlki illə müqayisədə 4,3% artım deməkdir.
Xarici bazarlar arasında Rusiyadan sonra ikinci yerdə Almaniya qərarlaşıb. Almaniya 6,2 milyon nəfərlə ümumi payın 13,1%-ni təşkil edir. İlk beşlikdə həmçinin Böyük Britaniya, İran və Bolqarıstan yer alır.
Oktyabr ayında Rusiyadan Türkiyəyə səfər edənlərin sayı da artıb. Bu ay 865 min rus turist Türkiyəni ziyarət edib ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 11,4% çoxdur.
Türkiyəyə gələn turistlərin əsas istiqamətləri əvvəlki kimi dəyişməz qalıb. İstanbul və Antalya xarici qonaqlar üçün ən populyar məkanlar olaraq qalır. Bu iki bölgə ümumi turist axınının təxminən üçdə ikisini özündə cəmləşdirir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz