
Noyabrın 21-də Binəqədi rayonu ərazisindəki “Lake Hotel”də baş verən faciəvi hadisə zamanı həlak olan Eltac Əliyev Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi olub.
Yeniavaz.com “Gencexeber”ə istinadən xəbər verir ki, o, Universitetin Pedaqoji fakültəsinin “Məşqçilik” ixtisası üzrə 2-ci kurs tələbəsi imiş.
Bildirilir ki, Tərtər rayonunun Köçərli kənd sakini olan Eltac Əliyev dərslərdə yaranan qısa fasilədən istifadə edərək Gəncədən Bakıya, ailəsinin yanına gəlibmiş. Maddi çətinliklərlə üzləşən 19 yaşlı gənc bu səbəbdən paytaxtın Binəqədi rayonunda yerləşən “Lake Hotel”də müvəqqəti işə düzəlibmiş.
Xatırladaq ki, hadisə zamanı Eltac Əliyev və restoranın daha üç əməkdaşı – 27 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalov dünyasını dəyişib. Onları dəmir konstruksiyanı daşıyarkən cərəyan vurub.
Faktla bağlı cinayət işi açılıb, hotelin icarədarı həbs olunub.
Tətbiqimizi yükləyə bilərsiniz