
Kanadanın Baş naziri Mark Karni bəyan edib ki, beynəlxalq əməkdaşlıq və qlobal iqtisadi proseslər bir sıra sahələrdə ABŞ-ın iştirakı olmadan da irəliləyiş əldə edə bilər.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə o, Yohannesburqda keçirilən G20 liderlərinin görüşündən sonra danışarkən bildirib.
Karninin sözlərinə görə, G20 sammiti ABŞ administrasiyasının toplantını boykot etməsinə baxmayaraq mühüm razılaşmalar əldə etməyə imkan verib.
“Sammit dünya əhalisinin dörddə üçünü, qlobal ÜDM-in üçdə ikisini və dünya ticarətinin dörddə üçünü təmsil edən ölkələri bir araya gətirdi. Bu, qlobal iqtisadiyyatda ağırlıq mərkəzinin dəyişdiyini xatırladır”, - Karni vurğulayıb.
Baş nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi Kanadanın iqtisadi siyasətinə təsir göstərməyəcək: “Mən Trampa gündəmi diktə etməyə imkan verməyəcəyəm. Hazırda onunla müzakirə edəcəyim aktual problem yoxdur. ABŞ ticarət məsələlərinə qayıtmaq istəyəndə biz dialoqa hazırıq”.
Karni bildirib ki, Kanada iqtisadiyyatını şaxələndirmək üçün Cənubi Afrika, Hindistan və Çin kimi ölkələrlə əlaqələri genişləndirir.
“Biz yeni müqavilələr imzalayırıq, Kanadanın iqtisadi ambisiyalarına uyğun investorlar tapırıq. Ticarəti genişləndirəcək və Hind-Sakit Okean regionunda süni intellektdən enerji sahəsinə qədər tərəfdaşlıqları gücləndirəcəyik”, - o qeyd edib.
“Bloomberg”in məlumatına görə, sammitə ev sahibliyi edən Cənubi Afrika görüşdən sonra yayımladığı bəyannamə ilə Vaşinqtona açıq çağırış edib. ABŞ Prezidenti Donald Tramp isə Cənubi Afrikada ağdərili fermerlərin təqib olunduğunu iddia edərək zirvəni boykot edib. Vaşinqton bəyan edib ki, ABŞ sammitdə iştirak etmədiyi halda yalnız sədrin hesabatı açıqlana bilər.
Trampın Ağ Evə qayıdışı ilə ənənəvi olaraq sabit olan Kanada–ABŞ münasibətləri kəskin gərginlik dövrünə qədəm qoyub.
Seçki kampaniyası zamanı Tramp Kanadanı yüksək tariflərlə hədələyib və ölkəni “51-ci ştat” adlandırıb. Oktyabr ayında Ontarionun sponsoru olduğu televiziya reklamı iki ölkə arasında böyük qalmaqal yaradıb. Tramp Kanada ilə ticarət danışıqlarını dayandırıb və ölkənin ABŞ-yə ixracına 10%-lik əlavə tarif tətbiq edib. Bunun fonunda Mark Karni Kanadanın iqtisadi gələcəyini yalnız ABŞ-ə bağlı görmədiyini bildirərək, Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsini prioritet elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz