
Ukrayna və onun Avropalı müttəfiqləri İsveçrədə noyabrın 23-də ABŞ tərəfinə təqdim olunacaq sülh planına dair əks təkliflərini tamamlayıblar.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, Kiyev və Avropa ölkələri Rusiya ilə ərazi məsələlərinin yalnız cari təmas xəttində atəşkəs əldə edildikdən sonra müzakirə oluna biləcəyini vurğulayırlar.
Əks təklifdə ABŞ-dən NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri tələb olunur. Bununla yanaşı, Ukraynanın yenidən qurulması üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsi və Moskvanın ziyanı kompensasiya etməsi də əsas tələblər sırasındadır.
Mənbələrin sözlərinə görə, əgər Rusiya kompensasiya ödəməyə razılaşmazsa, onun aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Təklifə əsasən, digər sanksiyalar tədricən yumşaldıla bilər, lakin bu yalnız Rusiyanın saziş öhdəliklərinə əməl etməsi halında mümkün olacaq.
ABŞ-nin mövcud planına görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçi limiti 600 min nəfərə endirilə bilər. Lakin “Bloomberg”in mənbələri daha yüksək limitin də müzakirə oluna biləcəyini istisna etmirlər. Kiyev isə sülh dövründə ən azı 800 min hərbçiyə ehtiyac olduğunu bildirir.
Bundan əvvəl “The Washington Post” yazmışdı ki, Avropanın hazırladığı planda Ukrayna ordusuna məhdudiyyətlər nəzərdə tutulmur. Həmin plana görə, Zaporojye AES və Kaxovka SES Kiyevin nəzarətinə qaytarılmalıdır. Ukrayna həmçinin Dnepr boyunca maneəsiz keçid və Kinburn Spit üzərində nəzarət əldə etməlidir. Digər ərazi məsələləri isə yalnız atəşkəsdən sonra həll olunmalıdır.
“Sky News” Avropa İttifaqının da öz əks təklifini hazırladığını və sənədin noyabrın 23-də Cenevrədə təqdim ediləcəyini bildirib. Avropa və G7 liderləri ABŞ planının daha da təkmilləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz