
Botulizm, “Clostridium botulinum” adlı bakteriyanın az oksigen olan mühitdə istehsal etdiyi botulinum toksininin qidaya qarışması ilə yaranan çox ağır qida zəhərlənməsidir.
Yeniavaz.com xəbər verir ki, bu toksin tibbdə və kosmetologiyada botoks kimi istifadə olunsa da, yenə də insan üçün məlum olan ən güclü təbii zəhərlərdən biri sayılır.
Bu maddə bədənə düşdükdə sinirlərin əzələlərə göndərdiyi siqnalları bloklayır. Düzgün istifadə edildikdə əzələ spazmını azaldır, qırışları yumşaldır və miqreni yüngülləşdirir. Amma toksin qidaya və ya açıq yaraya düşərsə, sinir sisteminə ciddi ziyan vurur. Beynin əzələlərə göndərdiyi siqnallar dayanır və nəticədə iflic baş verə bilər. Ən çox zərər görən funksiyalar udma, danışma və nəfəs alma olur.
Bu vəziyyət botulizm adlanır. Botulizmin ilk əlamətləri yorğunluq, halsızlıq və başgicəllənmədir. Bir az sonra bulanıq görmə, ağız quruluğu, udma və danışmada çətinlik yaranır. Bəzi xəstələrdə qusma, ishal və qarında köp də olur. Simptomlar, adətən, toksin qəbulundan 12–36 saat sonra ortaya çıxır. Xəstəlik nadir hallarda baş versə də, ölüm riski yüksəkdir – botulizmdən xəstələrin 5–10%-i həyatını itirir.
Qeyd edək ki, botulizm ilk dəfə 1793-cü ildə Almaniyada qeydə alınıb. Həmin vaxt yoluxan 13 nəfərin yalnız 7-si sağ qalıb. Mütəxəssislər bildirirlər ki, vaxtında tibbi yardım – antitoksin verilməsi və lazım olduqda süni tənəffüs aparatına qoşulma xəstənin həyatını xilas edə bilər. Buna görə də ilk simptomlar ortaya çıxan kimi həkimə müraciət etmək çox vacibdir.
Bakteriya havasız mühitdə çoxaldığı üçün xüsusilə evdə hazırlanmış hermetik konservlər təhlükəlidir. Riskli məhsullara aşağıdakılar daxildir:
Evdə konservləşdirilmiş göbələk, tərəvəz, meyvə;
Ev konservi olan ət və quş əti (paştetlər də daxil olmaqla);
Qabarmış və sıx bağlanmış fabrik konservləri;
Duzlu və hisə verilmiş balıq;
Donuz yağı və digər proteinli qidalar:
Botulinum toksininin qidada olmasını bəzən qəlibin şişməsi və ya içindəkilərin bulanıq görünməsi göstərə bilər, amma bu əlamətlər zəhərin mütləq olduğunu sübut etmir.
O deyir ki, qidanı qaynatmaq bakteriyanı öldürmək üçün ən etibarlı üsuldur: 100°C temperaturda 5–15 dəqiqəyə, 80°C-də isə təxminən yarım saata bakteriya məhv olur.
Tətbiqimizi yükləyə bilərsiniz