
Ruhla bədən arasındakı əlaqə, səslə məna arasındakı əlaqəyə bənzəyir. Səs mənanın bədəni, məna səsin ruhudur. Bu ruh o bədənin nə sağındadır, nə solunda, nə içindədir, nə çölündə...
Məna həyatını davam etdirmək üçün səsə möhtac deyil. Ancaq görünmək istəsə, onda səsə vəzifə düşür.
Məna səsdən əvvəl də var idi, səslə birlikdə var, səsdən sonra da olacaq.
Səs ünvanına çatdıqda ömrünü tamamlayır. Məna isə ondan sonra da varlığını davam etdirir.
Ruh Allahın qanunu, bədən Onun məxluqudur. Allah bu bədəni o qanunla idarə edir.
İnsan öz ruhunda bir çox ilahi həqiqətlərə işarələr tapa bilər. Ancaq bu işarələri həqiqətə tətbiq etdikdə çox diqqətli olmaq lazımdır. Çünki xəritədəki bir nöqtə bir şəhərə işarə edir, ancaq o nöqtə ilə o şəhər arasında bir oxşarlıq qurmaq mümkün deyil.
Bir yazı öz katibini göstərir, onun sənətinə dəlildir, ancaq katibi yazıya oxşatmaq, yaxud yazının xüsusiyyətlərində katibin sifətlərini axtarmaq mənasızdır.
Məsələyə bu şüurla nəzər saldıqda, ruhumuzda bəzi həqiqətlərə işarələr tapa bilərik.
Ruh bədənin heç bir üzvünə və ya orqanına oxşamır. Başqa sözlə, ruhun bir məsələni təfəkkür etməsi ilə, mədənin bir loxmanı həzm etməsi arasında oxşarlıq təsəvvür etmək doğru deyil.
Ruh doğulmaz, doğmaz, bədəndə məkan tutmaz. Bunlar ancaq bədənin, maddənin xüsusiyyətləridir.
Quranda ruh haqqında “(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) çox az bir məlumat verilmişdir!” (əl-İsra, 17/85) buyurulur.
Ruhu onun mahiyyətində qavramaq mümkün deyil. Onun mahiyyəti ilə bağlı hər hansı bir fikir şirk (Allaha şəriklik) sayılır.
Ruhun bədəndəki işi Günəşin mərkəzdə dayanması və planetlərin onun ətrafında fırlanması kimidir.
Bir hüceyrəni idarə etməklə bütün hüceyrələri idarə etmək arasında ruh üçün fərq yoxdur. Yəni, birincisi ona daha asan, ikincisi ona daha çətin deyil.
Bədən ruh üçündür, ruh bədən üçün deyil.
Bədəni qəfəsə, ruhu isə quşa bənzədirlər. Quş qəfəsdən baxır, amma görən qəfəs deyil.
Bu böyük kainat sarayı, ruh üçün bir otaq, bədən isə ruh üçün bir qəfəsdir. Ruh qəfəsdən uçduğu kimi, saraydan da çıxıb gedir. Əlbəttə ki, daha geniş aləmlərə qovuşmaq üçün...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz