
“The Daily Mail”in də daxil olduğu “Daily Mail və General Trust” (DMGT) media qrupu “The Daily Telegraph”ı 500 milyon funt-sterlinqə (650 milyon dollar) almaq barədə razılıq əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
FT-nin qeyd etdiyi kimi, razılaşma iki əsas sağ mərkəzçi nəşrin birləşməsi ilə nəticələnə bilər ki, bu da hakim Leyboristlər Partiyasında təşviş doğurur.
Hər iki qəzetin ayrı-ayrılıqda redaksiya heyətlərini saxlaması gözlənilir.
Tərəflər artıq müqavilənin şərtlərini yekunlaşdırmaq üzrədirlər.
FT-yə görə, birləşmədən sonra DMGT “Ofcom” və Rəqabət və Bazarlar Təşkilatı tərəfindən antiinhisar araşdırmalarından qaçmaq üçün digər iki qəzetini - “Metro” və “i”-ni satmağa məcbur ola bilər.
Qeyd edək ki, “Daily Telegraph” 1855-ci ildə britaniyalı polkovnik Artur Sley tərəfindən təsis edilib. 2019-cu ilə qədər qəzetin gündəlik tirajı təxminən 300 min olub. “Press Gazette” onlayn nəşrinin hesablamalarına görə, hazırda onun gündəlik tirajı təxminən 150 mindir.
Xatıtladaq ki, “Daily Telegraph” 2023-cü ildə Barkli ailəsinin borcları ilə əlaqədar satışa çıxarılıb.
Tətbiqimizi yükləyə bilərsiniz