
Sante həbsxanasında 21 gün yatmış Fransanın keçmiş prezidenti Nikola Sarkozi “Bir məhbusun gündəliyi” (“Le journal d'un prisonnier”) adlı kitab yazıb.
Yeniavaz.com xəbər verir ki, keçmiş prezident “X” sosial şəbəkə hesabında kitabdan qısa bir sitat gətirib.
“Həbsxanada məşğul olmağa heç nə yoxdur. Mən sükutu unuduram, Sante həbsxanasında o yoxdur. Səs-küy, təəssüf ki, daimidir. Ancaq səhra həyatında olduğu kimi, həbsxana həyatında da insanın daxili dünyası daha da güclənir”, - deyə o, yazıb.
Sarkozi əlavə edib ki, kitab əvvəlcədən sifariş üçün hazırdır və dekabrın 10-da satışa çıxarılacaq.
Qeyd edək ki, 2007-2012-ci illərdə prezident vəzifəsini icra edən 70 yaşlı keçmiş Fransa prezidenti sentyabrın 25-də seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib. Lakin o, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Bununla belə, məhkəmə Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib. Oktyabrın 21-də 21 gün qaldığı Parisin 14-cü rayonunda yerləşən Sante həbsxanasında bir nəfərlik kamerada cəza çəkməyə başlayıb. O, noyabrın 10-da apellyasiya şikayətinə baxılana qədər şərti azadlığa buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz