
Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər – 1994-cü il 1 mayadək – Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb. 1987-ci ildə "Pioner" jurnalına göndərdiyi "Vahidə bənzətmə" şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə "Azərbaycan Gəncləri" qəzetində işıq üzü görüb.
Arif Buzovnalı 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.
Tətbiqimizi yükləyə bilərsiniz