İkinci kilometr


(Həyat dərsi)


O günü heç vaxt unutmuram. On beş yaşım var idi. Bir gün atam yenə bizi ətrafına yığmış (ailədə beş qardaş idik və ən böyükləri mən idim) və növbəti “həyat dərsi”nə başlamışdı. Sözarası atam:
- Həyatda kim sizi bir kilometr getməyə məcbur etsə, siz iki kilometr gedin, - dedi.
Öz-özümə:
- Belə bir şey necə ola bilər? - deyə düşündüm, - Bir də kim məni bir kilometr getməyə məcbur etsin? Hətta belə bir şey olsa belə, mən niyə bir kilometr əvəzinə iki kilometr gedim?..
Sonra atam sözlərinə bunları da əlavə etdi:
- Bu qayda bir insanın həyatına istiqamət vermək üçün ən gözəl qaydalardan biridir...
Beləcə illər ötüb keçdi. Və illər sonra işlədiyim ilk işdə atamın bu sözlərini xatırladım. O vaxt yeni çıxmağa başlayan bir jurnalda işləyirdim. Maaşım isə o qədər dü çox deyildi. Ancaq jurnalın rəhbərliyi bu pulu verməkdə belə çətinlik çəkirdi. Ona görə də, bir müddət maaşımın dörddə birini almağa razı oldum. Təbii ki, maaşımın qalan hissəsini işlər yoluna düşəndən sonra almalı idim. Ancaq elə olmadı. Hesablarımın əksinə işlərimiz get-gedə pisləşdi. İş yoldaşlarımdan çoxu maaşşlarını ala bilmədikləri üçün işdən çıxdılar. Nəticədə isə mən gecələr də jurnalda işləməyə məcbur oldum. İndi mən həm jurnala yazılar yazır, həm məqalələr hazırlayır, həm də oxucu məktublarına cavab verirdim. Kifayət qədər işçi olmadığı üçün nəşriyyat işləri ilə bağlı da görmədiyim iş qalmamışdı. Bununla belə, bir gün iş yerinə gələndə qapının şəhər rəhbərliyi tərəfindən möhürləndiyini gördüm. Öz-özümə:
- Gör nə qədər axmağam? - deyə düşündüm, - Üç nəfərin işini görmək və əvəzində heç bir şey almamaq...
Həyatımın üç ilini bir heç üçün sərf etmişdim. Halbuki, atamın “ikinci kilometr” qaydasına inanmamalı və bu işdə işləməyə davam etməməli idim...
Bir neçə həftə işsiz qaldıqdan sonra böyük bir nəşriyyatda iş tapdım. Və ilk gündən burada bir şeyin şahidi oldum. Bu nəşriyyatda işləyən gənclər arasında nəşriyyat işinin hər sahəsinə bələd olan yegənə gənc mən idim. Və çox keçmədi ki, yeni işimdə sürətlə yüksəlməyə başladım. Artıq əvvəlki işimdə boş yerə çəkdiyim zəhmətin (hər halda o vaxt elə düşünürdüm) meyvəsini indi görürdüm...
İllər sonra ortaqlarımla birlikdə özümüzə kiçik bir nəşriyyat açdıq. O vaxtlar işçilərimiz arasında gənc bir oğlan var idi. O, gecə gec saatlara qədər iş yerində qalır, az qala yorulmadan kitab oxuyurdu. Hətta arabir məndən hansı kitabları oxumağı məsləhət gördüyümü soruşurdu.
Sonralar işimiz genişləndi, yeni və işini bilən idarəçilərə ehtiyacımız oldu. Belə olduqda biz də ən mühüm işləri o gənc oğlana verməkdən çəkinmədik.
Düzdür, o, heç bir universitetə getməmişdi, ancaq “ikinci kilometr”i uğurla qət etmişdi...

DİGƏR XƏBƏRLƏR

Top