
“Donald Tramp administrasiyası Kiyevin ABŞ-nin təklif etdiyi sülh sazişini imzalamaması halında Ukraynaya kəşfiyyat məlumatı və silah tədarükünü dayandırmaqla hədələyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters”ə vəziyyətlə tanış olan iki mənbə bildirib.
Bildirilib ki, Tramp ABŞ-nin Şükran Gününü qeyd edəcəyi gələn cümə axşamı, noyabrın 27-nə kimi Ukraynanın Rusiya ilə çərçivə sazişi imzalamasını istəyir.
Planla tanış olan WP mənbələrindən biri bəyan edib ki, sənədin Ukrayna üçün məqbul formata gətirilməsi üçün aylarla danışıqlar aparılmalıdır:
“Zelenski bunu imzalamaq istəsə belə, edə bilməz, çünki bunun heç bir siyasi əsası yoxdur. Çoxlu uyğunsuzluqlar var. Bu, açıq-aydın Dmitriyev və Uitkoff tərəfindən yazılmış Rusiyayönlü bir müqavilədir”.
Qəzetin mənbəsi ABŞ-nin sülh planını Vaşinqton və Kiyev arasında xammal sazişi ilə müqayisə edib, onun sözlərinə görə, imzalanmadan üç ay əvvəl danışıqlar aparılıb və düzəlişlər edilib:
“Lakin bu sülh sazişi ABŞ, Ukrayna, Rusiya və Avropa arasında bağlanır, ona görə də düşünürəm ki, danışıqlar təxminən 12 ay çəkəcək. Hesab edirəm ki, bu, sülh prosesinin sonu deyil, başlanğıcıdır”.
Mediaya sızan məlumatlara görə, ABŞ-nin hazırladığı sülh planı 28 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Ukraynanın faktiki olaraq Donbası təslim etməsini, Ukrayna Silahlı Qüvvələrinin sayını azaltmasını və NATO üzvlüyündən imtina etməsini təklif edir. Plan Rusiya nümayəndələrinin iştirakı ilə hazırlanıb. Onun hazırlanmasında Ukrayna və Avropa iştirak etməyib. Ukrayna Prezidenti Volodimir Zelenski planın surətini alıb və onun üzərində ABŞ ilə işləməyə hazır olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva rəsmi olaraq Amerika tərəfindən mülahizələri almayıb və hazırda heç nəyi əsaslı şəkildə müzakirə etmir.
Tətbiqimizi yükləyə bilərsiniz