
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
“ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib.
Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər.
AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb.
INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir”, - məlumatda deyilir.


Tətbiqimizi yükləyə bilərsiniz