
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi ilə bağlı keçirilən müsabiqənin qalibi “GM Construction” MMC (VÖEN – 1602490331) olub.
Qeyd edək ki, “MİDA” MMC tenderin qalibi olan “GM Construction” MMC-yə 31 milyon 255 min 488 manat 1 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 1000 manat olan “GM Construction” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189-da yerləşən MMC-nin qanuni təmsilçisi Nəzərli Hafiz Akif oğludur.
Tenderin qalibi olan “GM Construction” MMC-nin hazırda (21.11.2025) dövlət büdcəsinə 116 min 139 manat 45 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“GM Construction” MMC oktyabr ayının 23-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 116 min manatlıq borc son 1 ayda yaranıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 milyon manat olan “MİDA” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Təhməzov Fərhad İlahi oğludur. Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz