
Argentinalı hücumçu Lionel Messinin futbolçu kimi “Barselona”ya qayıtması real deyil.
Yeniavaz.com jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, bunu “Barselona” klubunun prezidenti Joan Laporta sabiq kapitanın kluba futbolçu kimi qayıtması ilə bağlı yayılan xəbərlərə mansibət bildirərkən deyib.
“Leo Messinin futbolçu kimi “Barselona”ya qayıtması sadəcə olaraq real deyil. Onun hazırda “İnter Mayami” ilə müqaviləsi var. Klub bu gün və gələcək üçün layihələr qurur. Əgər keçmişdə yaşayırsansa, irəli getmək ehtimalı azdır”, - Laporta bildirib.
Qeyd edək ki, Messinin 38 yaşı var. O, 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Hücumçu “Barselona” ilə 10 dəfə İspaniya çempionluğunu, 8 dəfə İspaniya Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və 3 dəfə Klublararası Dünya Kubokunu qazanıb. O, vurulan qolların, ötürmələrin və oynadığı oyunların sayına görə klub rekordlarına sahibdir.
Messi Argentina milli komandasının tarixində ən çox qol vuran futbolçudur. O, milli ilə birlikdə Dünya Çempionu (2022), Finalissima (2022), Amerika Kuboku (2021, 2024), Olimpiya Oyunları (2008) və Gənclər arasında Dünya Çempionatının (2005) qalibi olub.
Argentinalı futbolçu 8 dəfə “Qızıl top”u qazanıb. 2023-cü ilin iyununda Messi “Barselona”dan ayrıldıqdan sonra “İnter Mayami”yə keçib. O həmçinin, Fransanın “Pari Sen-Jermen” klubunun rənglərini qoruyub.
Xatırladaq ki, oktyabrın 23-də “İnter Mayami” Messi ilə müqavilənin müddətini 2028-ci ilin dekabrına qədər uzatdığını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz