Zelenskinin qalmaqallı “sülh planı”na reaksiyası


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyayla müharibəni bitirmək üçün ABŞ-dən sülh planının layihəsini aldıqdan sonra “dürüst əməkdaşlığa” hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” hesabında yaydığı videomüraciətdə bildirib.
“Amerika tərəfi müharibəni bitirmək üçün planın məqamlarını — öz baxışlarını təqdim etdi. Mən isə öz əsas prinsiplərimizi izah etdim. Razılaşdıq ki, komandalarımız bütün bunların həqiqi və real olmasını təmin etmək üçün məqamlar üzərində işləyəcəklər”, - Zelenski deyib.
O həmçinin qeyd edib ki, Ukraynaya layiqli sülh lazımdır və Ukrayna xalqının ləyaqəti qorunmalıdır.
Zelenski bildirib ki, təkliflərlə bağlı yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla danışacağını gözləyir.
Xatırladaq ki, ABŞ-nin bir neçə media orqanının xəbərinə görə, sözügedən plana əsasən, Kiyev şərqi Ukraynanın Donbas bölgəsində hələ də nəzarət etdiyi ərazilərdən imtina etməli, ordusunun sayını azaltmalı və NATO-ya qoşulmamaq öhdəliyi götürməlidir.
Ukraynanın planın hazırlanmasında nə dərəcədə iştirak etdiyi aydın olmasa da, Ağ Evin mətbuat katibi Karoline Laviti ABŞ-nin “hər iki tərəf ilə bərabər səviyyədə” əməkdaşlıq etdiyini bildirib.
Ayrı bir açıqlamada isə Zelenskinin ofisi Ukraynanın “müharibəyə ədalətli son qoymağa imkan verəcək şəkildə planın müddəaları üzərində işləməyə razılaşdığını” deyib.
“Financial Times” tərəfindən tam dərc olunan planın layihəsinə əsasən, Ukrayna ordusunun şəxsi heyəti 600.000 nəfərlə məhdudlaşdırılacaq, lakin Avropa qırıcı təyyarələri Polşada yerləşdiriləcək.
Sənəddə bildirilir ki, Kiyev “etibarlı təhlükəsizlik təminatları” alacaq, lakin əlavə detallar göstərilmir.
Layihədə həmçinin qeyd olunur ki, Rusiya sanksiyaların ləğvi və Rusiyanın yenidən G7-yə dəvət edilməsi yolu ilə “qlobal iqtisadiyyata yenidən inteqrasiya olunacaq” və beləliklə forum yenidən G8 adlandırılacaq.
BBC yazır ki, əgər plan tam şəkildə təsdiqlənsə, sənəddəki tələblər Moskvanın maraqlarına daha çox uyğun kimi görünür.
Lakin Ağ Evdə keçirilən mətbuat brifinqində Laviti planın Ukraynadan böyük güzəştlər tələb etdiyi ilə bağlı fikirləri rədd edib və ABŞ prezidentinin “onu dəstəklədiyini” deyib.
Planın hazırlanmasında Avropanın iştirak edib-etmədiyi soruşulduqda, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas belə cavab verib:
“Bildiyim qədərilə, yox.”

DİGƏR XƏBƏRLƏR

Top