
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Lukoyl”un xarici aktivlərinin satışı ilə bağlı əvvəlki qərarlarına yeni aydınlıq gətirib.
Yeniavaz.com “Forbes”ə sitinadən xəbər verir ki, satış baş tutsa belə, əldə ediləcək bütün gəlirlər şirkətə qarşı sanksiyalar tam aradan qaldırılana qədər dondurulacaq.
OFAC-ın izahına görə, “Lukoil International GmbH (LIG)” ilə bağlı istənilən əməliyyat yalnız OFAC təsdiqindən sonra baş tuta bilər. ABŞ Xəzinədarlığı mümkün sövdələşmələri milli təhlükəsizlik və xarici siyasət məqsədləri baxımından qiymətləndirəcək, həmçinin satılan aktivlərlə “Lukoyl” arasında əlaqələrin tam kəsilməsini tələb edəcək.
Qurum həmçinin xəbərdarlıq edir ki, əgər “Lukoyl” və ya onun strukturları danışıqlarda vicdanla iştirak etməzsə, aktivlərin satışının təxirəsalınmasına verilmiş güzəşt istənilən an ləğv oluna bilər.
“Lukoyl” daha əvvəl treyder “Gunvor”un xarici aktivlərini almağa razılıq versə də, ABŞ bu sövdələşməni təsdiqləməyib.
“Bloomberg”in məlumatına görə, aktivlərə “Exxon Mobil”, “Chevron”, ADNOC və “Carlyle Group” kimi nəhənglər maraq göstərir. Lakin potensial alıcıların bəziləri yalnız ayrı-ayrı layihələrlə maraqlanır.
Eyni zamanda, şirkətin İraqdakı əsas aktivi – “West Qurna-2” yatağı ABŞ sanksiyaları fonunda çətin vəziyyətə düşüb. İraq hakimiyyəti ödənişləri dayandırıb və “Lukoyl” fəaliyyətini “fors-major” səbəbindən məhdudlaşdırmaq məcburiyyətində qalıb.
Son həftələr “Lukoyl” Bolqarıstan, Moldova və Finlandiyadakı müəssisələri ilə bağlı ardıcıl addımlar atıb.
Bolqarıstanda neft emalı zavodu və yanacaqdoldurma məntəqələri üçün alıcı axtarılır. Moldova “LUKOIL-Moldova” terminalının pulsuz təhvili barədə müqavilə imzalandığını açıqlayıb. Finlandiyada “Teboil” şəbəkəsi fəaliyyətini mərhələli şəkildə dayandırır.
Mütəxəssislər bildirirlər ki, satışdan gəlirlərin dondurulması gözlənilən addım idi. Lakin bazı analitiklərə görə, OFAC-ın xüsusi icazə vermə ehtimalı “Lukoyl”a qismən gəlir əldə etmək imkanı da yarada bilər.
Digər tərəfdən, ekspertlər hesab edir ki, aktivləri “vahid paketlə” satmaq ABŞ üçün daha sərfəlidir, çünki böyük investorlar aktivləri alıb sonradan daha baha qiymətə ayrı-ayrı satmaq imkanı qazanır. Buna görə də OFAC bir lotla satış variantına üstünlük verə bilər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz