Zelenski ABŞ-nin sülh planı üzərində işləməyə razılaşdı


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ordusunun katibi Daniel Driskoll ilə görüşdə ABŞ tərəfindən hazırlanmış yeni sülh planı üzərində Vaşinqtonla işləməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Zelenski özü bəyan edib ki, Ukrayna və ABŞ komandaları “müharibəyə son qoymaq üçün planın elementləri üzərində işləyəcəklər”.
Nəşrin sözlərinə görə, Driskoll noyabrın 20-də Kiyevdə danışıqlar zamanı Zelenskiyə planın surətini təqdim edib. Bu barədə daha əvvəl Ukrayna Prezident Aparatı da məlumat verib.
Mənbənin məlumatına görə, görüş zamanı Zelenski və Driskoll sazişin imzalanması üçün “aqressiv son tarix” barədə də razılaşıblar.
Xatırladaq ki, daha əvvəl ABŞ mediası mənbələrə istinadən yazıb ki, Zelenski ABŞ-nin Rusiya rəsmiləri ilə məsləhətləşərək hazırladığı planı müzakirə etmək istəmir. Versiyalardan birinə görə, onun planın memarı, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla Türkiyədəki görüşü bu səbəbdən ləğv edilib.
ABŞ media mənbələrinin məlumatına görə, Trampın komandası tərəfindən sakit şəkildə hazırlanan Ukrayna üçün yeni sülh planı, digər məsələlərlə yanaşı, Kiyevin mahiyyətcə Donbası təslim etməsini və Ukrayna Silahlı Qüvvələrinin sayını yarıbayarı azaltmağı təklif edir. Kiyev əvvəllər Moskvadan ultimatum şəklində gələn bu cür təklifləri rədd etmişdi.
ABŞ planı hazırlayarkən Rusiya nümayəndələri ilə məsləhətləşib. Nə Avropa rəsmiləri planın hazırlanmasında iştirak edirdi, nə də bir versiyaya görə, Ukrayna tərəfi.

DİGƏR XƏBƏRLƏR

Top