
Süni intellekt texnologiyaları hazırlayan “Firebird” startapı “Nvidia” çiplərini Ermənistana ixrac etmək üçün ABŞ hökumətindən icazə alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bu, Ermənistanda süni intellekt infrastrukturunun genişləndirilməsi üzrə qlobal təşəbbüsün bir hissəsi olan superkompüter layihəsinin həyata keçirilməsinə imkan verəcək.
“Nvidia” tərəfindən hələ iyun ayında elan edilən layihə regionda ilk irimiqyaslı süni intellekt məlumat mərkəzinin yaradılmasına imkan verəcək. İlkin sərmayəsi 500 milyon dollar olan 100 meqavat gücündə qurğu “Dell Technologies” süni intellekt serverlərindən və “Nvidia Blackwell” prosessorlarından istifadə edəcək”, - nəşr yazır.
Qeyd olunub ki, layihənin birinci mərhələsinin gələn ilin ikinci rübündə işə salınması planlaşdırılır.
Məlumatda deyilir ki, “Firebird”in imkanlarının təxminən 20%-i erməni şirkətləri tərəfindən istifadə olunacaq, qalan 80%-i isə regionda fəaliyyət göstərən Amerika şirkətlərinə satılacaq.
Birinci mərhələ borc vəsaitləri və “Firebird”in kapitalı hesabına maliyyələşdiriləcək.
Digər tərəfdən, “Nvidia” Ermənistanın süni intellekt sektoruna 1,5 milyard dollar investisiya qoyacaq.
Bu barədə müxalifətdəki “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan məlumat yayıb.
Onun sözlərinə görə, bununla da, “Nvidia”nın əvvəllər elan etdiyi ilkin investisiya məbləği faktiki olaraq üç dəfə artacaq.
Tətbiqimizi yükləyə bilərsiniz