
Fransanın PSJ klubunun mərakeşli müdafiəçisi Əşrəf Hakimi Afrikada ilin ən yaxşı futbolçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mükafatlandırma mərasimi Rabatda baş tutub.
Hakimi ilə yanaşı, digər namizədlər arasında “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah və “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimhen də olub.
Qeyd edək ki, 27 yaşlı Hakimi bu mükafatı ilk dəfə qazanıb. Ötən il Afrikada ilin ən yaxşı oyunçusu mükafatını İtaliyanın “Atalanta” klubunun nigeriyalı hücumçusu Ademola Lukman alıb. Bu kateqoriyada ən çox qalibiyyət rekordu kamerunlu hücumçu Samuel Eto'O və Fil Dişi Sahilli yarımmüdafiəçi Yaya Tureyə (hər biri dörd dəfə) məxsusdur.
Xatırladaq ki, 2025-ci ildə Hakimi PSJ ilə Çempionlar Liqasının qalibi olub. PSJ finalda İtaliya təmsilçisi “İnter”i 5:0 hesabı ilə məğlub edib. Həlledici görüşdə qollardan birini Hakimi vurub. O, həmçinin 2024/25 mövsümündə PSJ ilə Fransa liqasının, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz