
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmədə hökm oxunub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Ramin Şükürovun 10, Xalid Əizmovun 9, Emil Nəbiyevin isə 8 il azadlıqdan məhrum edilməsini məhkəmə təklif edib.
Prokuror hər üç təqsirləndirilənin məhkəmə zalından həbs edilməsini istəyib.
Təqsirləndirilən şəxslər və vəkillər çıxışları zamanı ittihamları qəbul etmədiklərini və məhkəmənin bəraət hökmü çıxarmasını xahiş ediblər.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Ramin Şükürova 4 il sınaq müddəti seçilməklə 10 il şərti, Xalid Əzimova 2 il 6 ay sınaq müddəti seçilməklə 9 il şərti, Emil Nəbiyevə isə 3 il sınaq müddəti seçilməklə 8 il şərti cəza verilib.
Onlar müəyyən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz