Arıqlamaq istəyənlərin nəzərinə! – Bu səhvləri etməyin


Artıq çəkidən əziyyət çəkən insanlar çox vaxt sağlam arıqlamaq üçün müxtəlif pəhrizlərə müraciət edir, lakin düzgün olmayan pəhrizlər sağlamlığa ciddi zərər vura bilər.
Yeniavaz.com
xəbər verir ki, son illər sosial şəbəkələrdə yayılan “sürətli arıqlama”, “10 gündə 5 kilo” kimi pəhrizlərə maraq xeyli artıb. Bir çox insan bu üsulları dietoloq məsləhəti olmadan tətbiq edir və nəticədə orqanizmdə müxtəlif pozuntular yaranır.
Bəs düzgün pəhriz necə olmalıdır?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan diyetoloq Turxan Baratzadə bildirib ki, pəhriz sözü uzun illərdir yanlış anlaşılır və ac qalmaq kimi başa düşülür:
“Halbuki sağlam qidalanmanın əsası sadədir. Boşqabın yarısını həmişə rəngli tərəvəzlərlə doldurmaq lazımdır, çünki onlar həm toxluq verir, həm də bədəni qoruyur. Karbohidrat seçərkən ağ çörək və ağ düyü əvəzinə tam taxıllara üstünlük vermək lazımdır, çünki onlar şəkərin sürətlə qalxmasının qarşısını alır. Yetərincə protein qəbul etməyə diqqət etmək lazımdır, bu, əzələləri qoruyur və toxluq hissini artırır. Yağ seçərkən zeytun yağı, avokado və qoz-fındıq kimi sağlam yağlara üstünlük vermək lazımdır. Duzlu, şəkərli və çox emal olunmuş qidalardan uzaq durmağa çalışmaq lazımdır, çünki onlar bədənə ziyan verir. Gün ərzində kifayət qədər su içməyi də unutmaq olmaz – su həm maddələr mübadiləsini, həm də ümumi sağlamlığı dəstəkləyir”.
Turxan Baratzadə qeyd edib ki, ürəyimiz əslində daha az yük altında daha yaxşı işləyir:
“Bir neçə kilo görünüşdə heç nəyə təsir etmirmiş kimi görünsə də, əslində ürəyin qan dövranını artırır, damarları daha yüksək təzyiqə salır, sanki belimizə xəbərsiz bir çanta taxır. Buna görə də çəki atdıqca ürək yüngülləşir, təzyiq düşür, nəfəs açılır, ritm düzəlir və hətta 5–10 kiloqramlıq azalma belə bəzən təzyiq dərmanı qədər təsir göstərə bilir”.
Turxan Baratzadə əzələlərin qorunması üsulları ilə bağlı isə bunları deyib:
“Arıqlayarkən ən böyük qorxu “əzələ itirərəmmi?” olur, amma doğru üsulla xeyr. Bunun üçün gündə kifayət qədər protein qəbul etmək, həftədə bir neçə dəfə güc məşqləri etmək, tarazlı kalori açığı saxlamaq və sürətli, çox məhdudlaşdırıcı pəhrizlərdən uzaq durmaq kifayətdir. Əzələlər nə qədər qorunarsa, maddələr mübadiləsi də bir o qədər güclü qalır”.

Bəs düzgün pəhriz saxlanılmadıqda hansı problemlər yaranır?
Endokrinoloq Hidayət Məmmədzadə bildirib ki, düzgün pəhriz dedikdə əslində sağlam həyat tərzi nəzərdə tutulur:
“Pəhriz dediyimiz anlayışın içində duz, şəkər, fast-fud və işlənmiş qidaların azaldılması, təbii və orqanik qidalanmaya üstünlük verilməsi dayanır. Bu qidalanma tərzinə əməl etməyən, zərərli vərdişləri olan, qida rejimini pozan, ayaqüstü və tələsik qidalanan, yeməyi yaxşı çeynəmədən udan insanlarda hormonal sistem pozulur. Ən birinci təsirə məruz qalan hormon isə insulin hormonudur. Metabolizmanın ən vacib hormonu olan insulin, tez-tez işlənmiş və şəkərli qidalar qəbul edildikdə artır. Yüksək enerji dəyərinə malik içkilər və qidalar qan şəkərini qaldırdığı üçün bədən özünü qorumaq məqsədilə insulin ifrazını artırır. Bu proses uzun müddət təkrarlanarsa, insulin rezistentliyi yaranır. İnsulin rezistentliyi isə tip 2 diabetin başlanğıcı deməkdir və bu da metabolizmanın ümumi pozulmasına səbəb olur”.
Endokrinoloq qeyd edib ki, yanlış qidalanmanın nəticələrindən biri də piylənmədir:
“Piylənmə estetik qüsur deyil, ciddi xəstəlikdir və 200-ə yaxın xəstəliyin yaranma faktorudur. İlk növbədə diabet riskini artırır. Piylənmənin qalxanabənzər vəzi xəstəlikləri ilə birbaşa əlaqəsi yoxdur. Tiroid xəstəlikləri daha çox genetik amillərlə bağlı olur və xüsusi “özəl pəhriz” tələb etmir. Piylənmə isə yaratdığı mexaniki, metabolik və psixoloji problemlər səbəbilə tip 2 diabetin formalaşmasına gətirib çıxarır”.
Hidayət Məmmədzadə deyir ki, sürətli arıqlama tövsiyə olunmur:
“Elmi məqalələrdə uzun müddətli aclıq və ya su orucu kimi yanaşmaların riskli olduğu qeyd edilir. Çünki orqanizm gündəlik zülal, yağ, vitamin və mineral tələbatını mütləq almalıdır. Çox sürətli çəki verən şəxslərdə öd daşı xəstəliyi yarana bilər. Sağlam pəhriz üçün mütləq həkim baxışı olmalıdır. Xəstənin tiroid göstəriciləri, Kuşinq sindromu, qlükoza metabolizması, diabet olub-olmaması, qan təzyiqi və digər hormonlar geniş şəkildə yoxlanılmalıdır. Əgər ciddi xəstəlik aşkar olunmazsa, bu artıq birinci dərəcəli piylənmə xəstəliyi hesab edilir və həmin halda insana sağlam həyat tərzi, fiziki aktivlik, düzgün yuxu, stressin idarə olunması və balanslı qidalanma prinsipləri izah edilir”.
Endokrinoloq sağlam qidalanma ilə bağlı vacib tövsiyələr də verib:
“Sağlam qidalanmanın əsas prinsiplərindən biri kifayət qədər maye qəbuludur. Orta çəkili insan gün ərzində ən azı 2 litr su içməlidir. Aralıqlı oruc daha uyğun qidalanma modelidir. Xüsusilə uşaqlarda zülalı azaltmaq olmaz, əksinə, gənclərdə və uşaqlarda zülal daha çox qəbul edilməlidir. Əsas qayda işlənmiş və hazır qidalardan uzaq durmaqdır”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top