Ağbənd-Kəlalə körpüsü: Cənubi Qafqazın tranzit xəritəsini dəyişən nəhəng layihə – Analiz


Araz çayı üzərində İran-Azərbaycan sərhədində inşa olunan Ağbənd-Kəlalə körpüsü həm regional nəqliyyat sisteminin yenidən qurulması, həm də Cənubi Qafqazın geoiqtisadi dinamikasında yeni mərhələnin başlanması baxımından strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Bu körpü təkcə iki ölkəni birləşdirən keçid deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşən, Azərbaycan və İranın tranzit rolunu yüksəldən əsas geostrateji infrastruktur elementi kimi çıxış edir. Layihənin 216 metr uzunluğunda, 24,5 metr enində olması, hər iki istiqamətdə geniş hərəkət zolaqlarına malik olması və ən əsası, gündə minə yaxın yük avtomobilini qəbul etməyə hesablanması onun sıradan sərhəd keçidi deyil, gələcək tranzit sisteminin əsas dayaq nöqtəsi olduğunu göstərir.
Bu körpünün əhəmiyyətini daha dərindən anlamaq üçün Azərbaycanın hazırkı tranzit rolunun real rəqəmlərinə nəzər salmaq kifayətdir. Təkcə 2024-cü ildə Azərbaycanın nəqliyyat dəhlizləri üzrə daşınan ümumi yük həcmi 33 milyon ton təşkil edib və bunun təxminən yarısı tranzit yüklər olub. Son 5 ildə tranzit həcminin 2,5 dəfə artması ölkənin tranzit marşrutu kimi artan əhəmiyyətini göstərir. 2025-ci ilin ilk 9 ayında Şərq-Qərb üzrə daşınan 12,6 milyon ton, Şimal-Cənub üzrə isə 6,7 milyon ton yük artıq mövcud infrastrukturun yüklənmə səviyyəsinin yüksək olduğunu sübut edir. Bu fonda Ağbənd-Kəlalə körpüsünün istifadəyə verilməsi Azərbaycan üzərindən keçən yük dövriyyəsini təkcə məntiqi olaraq artırmır, həm də ölkənin real tranzit bazarında payını genişləndirmək üçün rəqabət üstünlüyü yaradır.
Şərq-Qərb dəhlizinə inteqrasiya baxımından bu körpü önəmli tamamlayıcı rol oynayır. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa marşrutu (“Orta Dəhliz”) üzrə yük dövriyyəsi hər il artmaqda davam edir. Bu dəhliz üzrə ötürülən yüklərin böyük qismi Azərbaycan üzərindən keçir və marşrutun gücləndirilməsi üçün yeni keçidlərin açılması həyati vacibdir. Ağbənd-Kəlalə körpüsü məhz bu zərurətin nəticəsi kimi tranzit sistemini çoxkanallı edir, yük axınlarının tək bir keçidə bağlı qalmasının qarşısını alır və ölkəyə əlavə çeviklik qazandırır. Əgər Azərbaycan bu kimi paralel keçidləri yaratmasa, artan yükün bir hissəsi Gürcüstan və Türkiyə üzərindən alternativ marşrutlara yönələcək, ölkə isə öz tranzit gəlirlərinin bir qismini itirəcək.
Şimal-Cənub dəhlizi baxımından körpünün rolu daha da fundamental xarakter daşıyır. Rusiya-Azərbaycan-İran xəttini birləşdirən bu şəbəkə qlobal ticarət üçün illik təqribən 25-30 milyon tonluq perspektiv təqdim edir və Azərbaycanın coğrafi mövqeyi bu təşəbbüsdə ölkəni birbaşa təbii tranzit mərkəzinə çevirir. Zəngəzur dəhlizinin ilkin 15 milyon ton potensialı, İranın “Astara-Rəşt-Qəzvin” dəmir yolu ilə birləşməsi və Ağbənd-Kəlalə körpüsünün funksionallaşması birlikdə bu dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək. Körpünün gündə 1000 yük avtomobilini buraxmaq potensialı illik olaraq 365 000 avtomobil deməkdir ki, bu da avtomobil daşımalarının region üzrə ən güclü seqmentlərindən birinin formalaşmasına şərait yaradır.
İqtisadi baxımdan körpü həm tranzit gəlirlərini, həm də logistika xidmətlərindən əldə edilən əlavə dəyəri artıracaq. Yük marşrutlarının qısalması nəqliyyat şirkətləri üçün xərcləri azaldacaq, bu da Azərbaycan marşrutunun daha cəlbedici olmasına səbəb olacaq. Bundan əlavə, yeni keçid xətti bölgədə anbar, terminal, gömrük çeşidləmə məntəqələri və digər əlaqəli infrastrukturların yaradılmasını stimullaşdıracaq ki, bu da minlərlə yeni iş yeri və yüz milyonlarla dollarlıq əlavə iqtisadi aktivlik deməkdir. Dəhliz üzrə yük artımı təkcə tranzit haqqı demək deyil – logistik zəncirin bütün mərhələlərində gəlirlərin artması deməkdir.
Siyasi-strateji baxımdan körpü Azərbaycan-İran münasibətlərində etimadın bərpasına ciddi töhfə verir və tərəflər arasında infrastruktura əsaslanan təhlükəsiz əməkdaşlıq platforması yaradır. Azərbaycan üçün bu layihə həm Şərqi Zəngəzurun iqtisadi dəyərinin artırılması, həm də Naxçıvanla əlaqələrin daha təhlükəsiz və dayanıqlı şəkildə qurulması deməkdir. İran üçün isə bu körpü Avrasiya məkanına alternativ tranzit çıxışı yaradır, ölkənin bölgədəki geoiqtisadi çəkisini artırır və yeni ticarət imkanlarına yol açır. Regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi həm də siyasi sabitliyin təmin olunmasına xidmət edir, çünki iqtisadi inteqrasiya səviyyəsi artdıqca siyasi risklər azalır.
Bütün bu arqumentlər göstərir ki, Ağbənd-Kəlalə körpüsü tək bir sərhəd keçidi deyil, Azərbaycanın regional nəqliyyat arxitekturasında yeni mərhələnin açarıdır. İnfrastruktur vaxtında istifadəyə verilərsə və gömrük prosedurları harmonizasiya edilərsə, körpü Cənubi Qafqazın tranzit xəritəsini tam şəkildə dəyişə bilər. Əks halda, yəni layihənin gecikməsi və ya potensialının tam istifadə olunmaması Azərbaycanın tranzit yarışında mövqelərini zəiflədə bilər.

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top