Rusiya Ukraynada yaşayış binasına hücum etdi – Ölənlər var


Rusiya noyabrın 19-na keçən gecə 48 ballistik və qanadlı raket və 470 pilotsuz uçan aparatla Ukraynaya zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkə hesabında məlumat verib.
Prezident həmçinin Ternopolda zərbə nəticəsində 9 mərtəbəli yaşayış binasının vurulduğunu, zərbə nəticəsində binada yanğın baş verdiyini bildirib.
“Təəssüf ki, evlərə ciddi ziyan dəyib, dağıntılar altında qalanlar var. Bütün lazımi xidmətlər hadisə yerindədir. Hazırda onlarla insanın yaralandığı, təəssüf ki, 9 nəfərin öldüyü məlumdur”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, axşam saatlarında Xarkov da güclü hücuma məruz qalıb. Şəhərdə uşaqlar da daxil olmaqla onlarla insan yaralanıb. Elektrik xətlərinə, nəqliyyata və mülki infrastruktura ziyan dəyib.
“İvano-Frankivsk vilayətində enerji sektoruna hücum olub. İkisi uşaq olmaqla üç nəfər yaralanıb. Lvov vilayətində mühüm infrastruktur və enerji obyektləri hədəfə alınıb. Donetsk vilayətində bir nəfər yaralanıb. Kiyev, Nikolayev, Çerkassı, Çerniqov və Dnepr vilayətlərində də hücumlar olub”, - Zelenski bildirib.


DİGƏR XƏBƏRLƏR

Top