“İnsanlar başqaları haqqında fikir bildirməyə daha meyllidirlər”


“Qeybət bir toplumu və cəmiyyəti sürətli şəkildə fəsada uğradır və qarşısı alınmazsa, sağalmaz bir xəstəliyə düçar edir”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev deyib.
Rüfət Qarayev bildirir ki, qeybət hər kəs üçün haramdır:
“İstər qadın olsun, istərsə də kişi – fərqi yoxdur. Uca Rəbbimiz Qurani-Kərimin “Hucurət” surəsinin 12-ci ayəsində belə buyurur:
“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”.
İlahiyyatçı qeyd edir ki, bəzi insanlar nəinki qeybət edir, hətta bir az da irəli gedərək zənn və böhtandan da geri qalmırlar:
“Həzrət Əli (ə) buyurur: “İnsanın təqvası çoxalanda dili tutulur. Yəni Allahdan qorxan insan qeybətdən, şərdən, zənndən, böhtandan və Allahın sevmədiyi bütün mənfi xüsusiyyətlərdən uzaq durar. Əks təqdirdə isə insan nə sərhəd tanıyar, nə də hüdud. Qorxusuz və hürküsüz olaraq qəflət içərisində həyatını başa vurar”.
Rüfət Qarayev vurğulayır ki, bizlər Rəbbimizin rizasına uyğun həyat yaşamalıyıq:
“Uca Rəbbimiz bizi insan olaraq yaradıb. Yaradılışın ən üstün varlığı insandır. İnsanın həqiqi insan olması, Allahın yaratdığı özəllik və gözəlliklərə sahib olması üçün gərək Rəbbimizin rizasına uyğun həyat yaşasın. Yəni Allahın istədiyi yerlərdə var olsun, istəmədiyi yerləri isə tərk etsin. Bu əməli sadəcə cismi ilə deyil, bütöv ağlı, qəlbi və ruhu ilə də tərk etməsi vacib məsələlərdəndir”.

“Bəzən insanlar qeybət və ictimai qınağı səhv salırlar”
Sosioloq Nailə İsmayılova isə bildirir ki, qeybətin qadınlara xas bir xüsusiyyət kimi qələmə verilməsi doğru deyil:
“El arasında belə bir ifadə var: “Qadınların qeybətindən uzaq olmaq lazımdır”. Qadınlar daha çox dialoqa girdikləri, bir-biriləri ilə daha çox söhbət etdikləri üçün bəlkə də onları qeybətcil hesab edirlər. Amma elə iş yerlərində də, müxtəlif kollektivlərdə də qeybət məsələsi olur. Bu, həm kişilər arasında, həm də qadınlar arasında müşahidə edilir. Kişilər də qeybət edirlər. Sadəcə kişilərin etdiyi qeybət çox vaxt “söhbət” kimi qəbul olunur”.
Sosioloq qeyd edir ki, insanlar başqaları haqqında fikir bildirməyə daha meyllidirlər:
“Əslində insan başqasını müzakirə etməzdən əvvəl özünün yaşam tərzinə, şəxsi xüsusiyyətlərinə nəzər yetirməlidir. Əgər mən özüm ideal insan deyiləmsə, hər şeyi reallıqla qəbul etmərəmsə, başqası haqqında necə fikir söyləyə bilərəm. Bir də ictimai qınaq məsələsi var. Bəzən insanlar qeybət və ictimai qınağı səhv salırlar. Qeybət xalq arasında işlənən bir ifadədirsə, ictimai qınaq cəmiyyətə zərər verə biləcək davranışlara münasibətdir. Bu tamamilə başqa anlayışdır. Biz bunu eyniləşdirməməliyik”.
Sosioloq vurğulayır ki, qeybətin sonu isə heç vaxt yaxşı olmur:
“Şər və böhtan atmaq insanların həyatını məhv edir. Bu səbəbdən insanlar danışdıqları sözün mənasını başa düşməli və başqası haqqında fikir bildirərkən daha ehtiyatlı, daha mədəni olmalıdırlar. Əgər biz başqasının səhvini görürüksə və onun düzəlməsini istəyiriksə, həmin insana mədəni şəkildə yaxınlaşıb səhvini üzünə demək və düzəlməsinə kömək etmək lazımdır. Bu artıq qeybət deyil – bu, qarşılıqlı hörmət və səmimi münasibətin göstəricisidir. Ona görə də, mən düşünürəm, insanlar qeybətdən uzaq olub daha düzgün danışıq yolunu seçməlidirlər”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top