
“Rosneft”in Ryazan neft emalı zavodu noyabrın 15-nə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, hücumdan sonra xam neftin emalı dayandırılıb.
“Neft emalı zavodunun ayın sonuna kimi dayanacağı gözlənilir. Dekabrın 1-dək neft məhsullarının daşınması nəzərdə tutulmayıb”, - mənbələrdən biri bildirib.
Nəşrin məlumatına görə, PUA-lar ildə səkkiz milyon metrik tondan çox məhsuldarlığa malik olan əsas bloku vurub. Bu, zavodun ümumi gücünün demək olar ki, yarısını (48%) təşkil edir.
Neft emalı zavodunun gücünün dörddə birini təşkil edən daha bir iri neft emalı bölməsi oktyabrın 24-də pilotsuz təyyarənin zərbəsindən sonra sıradan çıxıb. Bu qurğunun təmiri hələ də davam edir.
Mənbələrin bildirdiyinə görə, neft emalı zavodu digər blokları da dayandırıb, lakin bunun Ukrayna hücumları ilə bağlı olub-olmadığı aydın deyil.
Tətbiqimizi yükləyə bilərsiniz