
“Santos” klubunun hücumçusu Neymarın ailəsinə məxsus olan “NR Sports” şirkəti braziliyalı futbolçu Pelenin brendinin hüquqlarını 18 milyon dollara alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “NR Sports” Pelenin şəkilləri, arxiv materialları və kommersiya hüquqlarını əldə edib. Bu əməkdaşlığın daha ətraflı təfərrüatları daha sonra açıqlanacaq.
Razılaşmanın rəsmi elanı Pelenin 1000-ci qolunun ildönümündə, noyabrın 19-da gözlənilir.
Qeyd edək ki, Pele Braziliya millisinin heyətində üçqat Dünya Kubokunun qalibi olub. O, karyerasının böyük hissəsini Barziliyanın “Santos” klubunda keçirib. O, “Santos”da hazırda Neymarın geyindiyi 10 nömrəli formanı geyinib. 1975-1977-ci illərdə məşhur futbolçu “Nyu York Kosmos” klubunda oynayıb.
Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib.
Xatırladaq ki, Neymar ötən qış Braziliyaya qayıdıb, “Santos”la altı aylıq müqavilə imzalayıb və sonradan bu müqavilə ilin sonuna qədər uzadılıb. 33 yaşlı braziliyalı bu mövsüm klubda bütün turnirlərdə 24 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bu mövsüm “Santos” 36 xalla Braziliya çempionatının turnir cədvəlində 16-cı yerdədir. Turnir cədvəlinə 71 xalla “Flamenqo” başçılıq edir.
Tətbiqimizi yükləyə bilərsiniz