
İspaniyanın “Barselona” futbol klubu 2023-cü ilin may ayından bəri ilk dəfə doğma stadionu “Kamp Nou”da oyun keçirəcək.
Yeniavaz.com ESPN telekanalına istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, komanda noyabrın 22-də İspaniya çempionatının 13-cü turu çərçivəsində “Atletik Bilbao”nu qəbul edəcək.
“Qayıtmaq arzusunda idik. Və budur! Evə qayıtdıq”, - məlumatda qeyd edilib.
Telekanalın məlumatına görə, arenada tikinti işləri davam etdiyi üçün “Atletik Bilbao” ilə oyuna 45 min tamaşaçı buraxılacaq.
Qeyd edək ki, “Kamp Nou” 2022-ci ildən təmir olunur. Yenilənmiş stadionun 106 000 tamaşaçı tutumuna malik olacağı bildirilir. İspaniyanın hazırkı çempionları əvvəlcə arenaya avqustun 10-da qayıtmağı planlaşdırsalar da, klub vaxtında şəhər rəhbərliyindən lazımi lisenziya ala bilməyib. Noyabrın 7-də “Barselona” stadionda ilk açıq məşq keçirib. Açıq məşqdə təxminən 23 min azarkeş iştirak edib.
Xatırladaq ki, 12 turdan sonra “Barselona” 28 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Klub lider “Real Madrid”dən 3 xal geri qalır.
Tətbiqimizi yükləyə bilərsiniz