
Rusiyanın Urals markalı xam neftinin Qara dənizdəki Novorossiysk limanında qiyməti ABŞ-nin yeni sanksiyalarının qüvvəyə minməsinə bir neçə gün qalmış kəskin ucuzlaşıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, noyabrın 13-də bir barelin qiyməti 36,61 dollar təşkil edib ki, bu da 2023-cü ilin martından bəri ən aşağı göstəricidir.
Agentliyin məlumatına görə, oxşar dinamika Baltik dənizi limanlarında da müşahidə olunub, lakin həftənin sonuna doğru müəyyən bərpa qeydə alınıb.
ABŞ-nin oktyabrın 22-də “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı elan etdiyi sanksiyalar beynəlxalq bazarda Rusiya neftinə olan marağı əhəmiyyətli dərəcədə azaldıb.
Çin, Hindistan və Türkiyədəki bəzi neft emalı zavodları artıq Rusiya neftinin alışını dayandırıb və alternativ mənbələr axtarmağa başlayıb.
“Reuters”in məlumatına görə, Türkiyə artıq başqa ölkələrdən neft alışı ilə bağlı yeni müqavilələr imzalayır. KİV-lər bildirir ki, Urals neftinin ucuzlaşması Rusiya neft şirkətlərinin gəlirlərini azaldır və dövlət büdcəsinə ödənilən vergi daxilolmalarını aşağı salacaq.
Neft və qaz gəlirləri hazırda Rusiyanın dövlət büdcəsinin təxminən 25%-ni təşkil edir.
“Bloomberg” həmçinin yazır ki, ABŞ administrasiyası Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı əlavə tariflər nəzərdə tutan yeni sanksiya layihəsini dəstəkləyib. Layihəyə görə, Ukraynaya dəstək göstərməyən və Rusiya enerji resurslarından istifadə edən ölkələrə 500% tarif tətbiq oluna bilər.
Tətbiqimizi yükləyə bilərsiniz