
Məşhur “Hollivud” aktyoru Tom Kruz Los-Ancelesdə keçirilən “Governors Awards” mükafatlandırma mərasimində fəxri “Oskar” mükafatı alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Məlumata görə, fəxri heykəlcik ona kinoya verdiyi töhfələrə görə təqdim olunub.
63 yaşlı aktyor səhnəyə “Mission: Impossible” filminin musiqisinin sədaları altında çıxıb. Mükafatı ona 2026-cı ilin oktyabrında nümayişi planlaşdırılan, ancaq hələ adı açıqlanmayan filmin rejissoru Alexandro Qonsales İnyarritu təqdim edib.
İnyarritu onu təkcə kino çəkən bir insan deyil, həm də kinonun təcəssümü adlandırıb.
“Film çəkmək mənim işim deyil, kimliyimdir”, - deyə Kruz studiyalara, agentliklərə, rejissorlara, kaskadyorlara, teatrlara və tamaşaçılara təşəkkür edib.
“Sizsiz bunların heç birinin mənası yoxdur. Mən kinonu qorumaq və dəstəkləmək üçün əlimdən gələni edəcəyəm”, - deyə aktyor bildirib.
Kruzla yanaşı fəxri mükafatları tərtibatçı-rəssam Uinn Tomas, həmçinin aktyor, prodüser və xoreoqraf Debbi Allen də alıblar.
Qeyd edək ki, fəxri heykəlcik Kruzun 45 illik kino karyerasında ilk “Oskar” mükafatıdır. Üç dəfə namizəd göstərilsə də, o, heç vaxt qalib gəlməyib.


Tətbiqimizi yükləyə bilərsiniz