Banqladeşin keçmiş baş nazirinə ölüm hökmü çıxarıldı


Banqladeş məhkəməsi keçmiş baş nazir Şeyx Hasinanı qiyabi ölüm cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, Hasina etirazları vəhşicəsinə yatırmaqda və 1500-ə yaxın adamın ölümündə təqsirli bilinib.
Qərar paytaxt Dəkkədəki  Beynəlxalq Cinayət Tribunalı tərəfindən qəbul edilib.
Noyabrın 17-də keçirilən dinləmə BTV tərəfindən yayımlanıb.
“Təqsirləndirilən baş nazir pilotsuz təyyarələrdən, vertolyotlardan və öldürücü silahlardan istifadəyə göstəriş verərək insanlığa qarşı cinayətlər törədib”, deyə hakim Qulam Mortuza Mozumder bildirib.
BMT-nin məlumatına görə, hökumət hakimiyyəti saxlamaq üçün nümayişçilərə işgəncə və edam əmri verib.
Şeyx Hasina məhkəmədə iştirak etməyib: ötən ilin avqust hadisələrindən sonra o, Hindistana gedib. Banqladeş qanunlarına görə, o, yalnız həbs edildikdən və ya hökmdən sonra 30 gün ərzində hakimiyyətə könüllü təslim olduqdan sonra apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, 2024-cü ilin iyulunda Banqladeşdə kütləvi etirazlar baş verib. Ölkə boyu nümayişçilər 1971-ci ildə Banqladeş Müstəqillik Müharibəsində döyüşmüş veteranların ailə üzvləri üçün qüvvədə olan dövlət vəzifələrinə kvota sisteminin qaytarılmasından etiraz ediblər. Kütləvi etirazlar zamanı 32-si uşaq olmaqla, təxminən 650 nəfərin öldüyü bildirilir.
Xatırladaq ki, 5 avqust 2024-cü ildə Hasina istefa verib və bacısı Rehana ilə birlikdə Hindistana qaçıb. Ertəsi gün Banqladeş Ordusunun Baş Qərargah rəisi general Vaqer-uz-Zaman bütün partiyaların iştirakı və Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərliyi ilə müvəqqəti hökumətin qurulduğunu elan edib.
23 avqust 2024-cü ildə Hasinaya etirazlarla bağlı 51 maddə ilə ittiham irəli sürülüb. İttihamların 40-dan çoxu etirazçıların öldürülməsi ilə bağlıdır. Onlardan yeddisi insanlığa qarşı cinayətlər və soyqırım, biri isə adam oğurluğudur.

DİGƏR XƏBƏRLƏR

Top