
Son günlər sosial şəbəkələrdə “9990” və “7770” kimi qısa nömrələrdən gələn zənglərin təhlükəli olması ilə bağlı iddialar geniş yayılıb.
Yeniavaz.com xəbər verir ki, səslənən iddialara görə, həmin zəngləri açan kimi zəng edən şəxslər qısa müddətli telefon danışığı vasitəsilə abunəçinin mobil cihazına müdaxilə edərək sistemə daxil ola və şəxsi məlumatları ələ keçirə bilər.
Bəs görəsən, yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, yayılan məlumatlar tamamilə əsassızdır:
“Texniki tərəfdən belə bir müdaxilə yalnız səsli zənglə mümkün deyil. Real risk zəngdən sonra vətəndaşın manipulyasiya edilərək zərərli linkə yönləndirilməsi, tətbiq quraşdırmağa məcbur edilməsi və ya OTP kodlarının əldə olunması ilə yaranır. Yəni təhlükənin mənbəyi cihazın özünə giriş imkanı yaradan sosial mühəndislik üsullarıdır. Bu səbəbdən, istifadəçilər tanımadıqları nömrələrdən gələn zənglərə ehtiyatla yanaşmalı, heç bir şəxsi məlumat paylaşmamalı göndərilən linklərə daxil olmamalı və rəsmi mağazalar xaricindən tətbiq yükləməməlidirlər”.
E.Abbasov deyir ki, istifadəçilər, həmçinin güclü parol idarəçiliyi, ikiaddımlı doğrulama və sistem yeniləmələri kimi əsas qaydalara əməl etməli, mobil operatorlar isə saxta nömrələrin müəyyənləşdirilməsi və bloklanması mexanizmlərini daha da gücləndirməlidir:
“Bu tip kibertəhdidlərin artması göstərir ki, maarifləndirmə kampaniyaları davamlı olmalı, istifadəçilər real hücum mexanizmləri barədə daha geniş məlumatlandırılmalıdır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz