Dubayda dünyanın ən hündür oteli açıldı


Dubayda yerləşən yeni beşulduzlu “Ciel Dubai Marina” oteli ilk qonaqlarını qəbul etməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, layihə hətta tikinti mərhələsində dünyanın ən hündür oteli kimi geniş rəğbət qazanıb.
“Ciel Dubai Marina”nın hündürlüyü 377 metrdir. Əvvəlki rekord Dubayda yerləşən və 356 metr hündürlüyü olan “Gevora Hotel”ə məxsus idi.
“Ciel Dubai Marina” 82 mərtəbə və 1004 otaqdan ibarətdir. Otel kompleksi həmçinin dünyanın ən hündür “infinity pool” hovuzuna malikdir. 310 metr hündürlükdə 76-cı mərtəbədə yerləşən bu hovuz “Tattu Sky Pool” kompleksinin bir hissəsidir.
82 mərtəbəli binanın tikintisi təxminən 544 milyon dollara başa gəlib və beş il davam edib. Otel “IHG Hotels & Resorts” şəbəkəsinin bir hissəsi olan “Vignette Collection” brendi altında “The First Group Hospitality” tərəfindən idarə olunur.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri hündürlüyü 150 metrdən çox olan göydələnlərin sayına görə dünyada ilk üç ölkə sırasındadır. Belə ki, hazırda BƏƏ-də ən azı 345 belə bina var ki, onlardan 269-u Dubayda yerləşir.
Digər tərəfdən, hazırda dünyanın ən hündür on otelindən altısı Dubayda yerləşir. Bunlar “Ciel Dubai Marina” və “Gevora Hotel” otelləri lə yanaşı, “JW Marriott Marquis Hotel”, “Rose Rayhaan Hotel”, “Burj Al Arab” və “Jumeirah Emirates Towers Hotel” otelləridir.

DİGƏR XƏBƏRLƏR

Top