ABŞ Maduronun rəhbərlik etdiyi deyilən karteli terror təşkilatı kimi tanıyacaq


ABŞ Venesuela Prezidenti Nikolas Maduronun rəhbərlik etdiyi iddia edilən “Cartel de los Soles”i terror təşkilatı kimi tanımaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“ABŞ Dövlət Departamenti 2025-ci il noyabrın 24-də “Cartel de los Soles”i xarici terror təşkilatı kimi tanımaq niyyətindədir. ABŞ administrasiyasına görə, kartelə Nikolas Maduro və digər yüksək rütbəli Venesuela rəsmiləri rəhbərlik edir”, - məlumatda qeyd edilib.
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio özünün X sosial media səhifəsində kartelin həm digər tanınmış terror təşkilatları ilə birlikdə həyata keçirilən terror zorakılığına, həm də ABŞ və Avropaya narkotik qaçaqmalçılığına görə məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib və sentyabr ayından bəri Venesueladan narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla beynəlxalq sularda ən azı 20 sürətli qayığı və 76 nəfəri zərərsizləşdirib.
Noyabrın 16-da Pentaqon “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika gəmilərinin zərbə qrupunun Karib dənizinə daxil olduğunu açıqlayıb.
“The New York Times” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə verib. Həmçinin, Amerika mediası ABŞ-nin tezliklə Venesueladakı narkotik kartelinin hədəflərinə zərbələr endirməyə başlaya biləcəyini istisna etməyib.
Noyabrın 11-də Trampa Venesuelaya qarşı potensial əməliyyatlar, o cümlədən yerüstü hədəflərə zərbələr endirmək üçün yenilənmiş planlar təqdim edilib.
Bununla yanaşı, ABŞ ordusu Latın Amerikası narkotik kartelləri ilə mübarizə üçün “Cənub Nizəsi” (“Southern spear”) əməliyyatına başladığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top