
Fransa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın noyabrın 13-dən 14-nə keçən gecə Ukraynaya endirdiyi kütləvi hücumlarla bağlı bəyanat yayıb və Azərbaycan səfirliyi ilə həmrəy olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bəyanatda Rusiyanın həyata keçirdiyi genişmiqyaslı aviazərbələr qəti şəkildə pislənir.
Bildirilir ki, zərbələrin əsas hədəfləri Kiyev şəhəri, onun enerji infrastruktur obyektləri, yaşayış binaları və bir xəstəxana olub.
Fransa XİN-in bəyanatıda həmçinin qeyd olunur ki, hücum nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb, zərərçəkənlər arasında uşaqlar da var: “Hücum zamanı Azərbaycan səfirliyinin binası da vurulub. Təxminən 430 pilotsuz uçan aparat və 18 raketin iştirak etdiyi bu irimiqyaslı zərbələr daha da eskalasiya təşkil edir və əlavə sübuta ehtiyac olarsa, Rusiyanın sülhlə məşğul olmaq istəyinin olmadığını nümayiş etdirir.
Fransa Ukrayna, onun xalqı və hakimiyyət orqanları, Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəy olduğunu bildirir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir. O, bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyini artırmaq və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirmək öhdəliyini davam etdirəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz