Azərbaycan və Fransa millilərinin start heyətləri açıqlandı


Bu gün Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində sonuncu – 6-cı tur qarşılaşması baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız Bakıda Fransa komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşün start fiti saat 21:00-da səslənəcək. Matçın hakimləri Latviyanı təmsil edən briqada olacaq.
Millimiz oyuna bir neçə itki ilə çıxır. Yüksək hərarət ucbatından heyətdən kənarlaşdırılan və İslandiya ilə görüşdə də iştirak etməyən Elvin Cəfərquliyev, eləcə də zədəsi səbəbindən Toral Bayramov Fransa ilə matçda meydana çıxa bilməyəcəklər. Rəqib komandanın heyətində də itkilər var: Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Kone Bakıya gətirilməyib.
Azərbaycan yığması 4-cü turda Parisdə “Park de Prens” stadionunda Fransa ilə qarşılaşmış və həmin oyunda 0:3 hesabı ilə məğlub olmuşdu.
Seçmə mərhələnin digər nəticələrinə gəlincə, komandamız İslandiya ilə hər iki görüşdə uduzub (0:5 və 0:2), Ukrayna ilə oyunların birində heç-heçə (1:1), digərində isə məğlubiyyət (1:2) qeydə alınıb.
Hazırda D qrupunda 13 xal toplayan Fransa lider mövqedədir və artıq mundiala vəsiqəsini təmin edib. 7 xalla İslandiya ikinci, eyni xala sahib Ukrayna üçüncü, yalnız 1 xalı olan Azərbaycan isə qrupun sonuncu – dördüncü pilləsində qərarlaşıb.

DÇ-2026 seçmə mərhələsi
16 noyabr — D qrupu
21:00 — Azərbaycan – Fransa
Hakimlər:
Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyonnikovs (Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)

Start heyətləri
Azərbaycan:
Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev.

Fransa:
Lukas Şevalye, Malo Qusto, Kefren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Akliuş, İbrahima Konate, Vayne Zayr-Emeri, Con Mateta, Lukas Hernandes, Teo Hernandes.

DİGƏR XƏBƏRLƏR

Top